QAN YADDAŞI
Azərbaycanın Moldovadakı səfirliyi Moldova Azərbaycanlıları Konqresi ilə birlikdə 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirmişdir
Bakı, 16 yanvar (AZƏRTAC). Yanvarın 16-da Azərbaycanın Moldovadakı səfirliyi Moldova Azərbaycanlıları Konqresi (MAK) ilə birlikdə 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirmişdir.
Əvvəlcə iştirakçılar 1990-cı ilin Qara Yanvar qurbanlarının xatirəsini yad etmişlər.
Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyindən AZƏRTAC-a xəbər vermişlər ki, xatirə gecəsində Azərbaycan səfiri Namiq Əliyev çıxış etmişdir. O demişdir ki, sovet ordusu, daxili qoşun hissələrinin və xüsusi təyinatlı dəstələrin iri kontingentinin Bakıya soxulması xüsusi amansızlıqla və misli görünməmiş vəhşiliklərlə müşayiət olunmuşdur. Dinc əhaliyə divan tutulmuş, yüzlərlə adam öldürülmüş, yaralanmış, itkin düşmüşdür.
Səfir xüsusilə qeyd etmişdir ki, qoşunların yeridilməsi və Bakıda fövqəladə vəziyyət elan edilməsi SSRİ Konstitusiyasının (119-cu maddə) və Azərbaycan SSR Konstitusiyasının (71-ci maddə), “Vətəndaş hüquqları və siyasi hüquqlar haqqında” 1966-cı ilin Beynəlxalq Paktının (1-ci maddə) ən kobud şəkildə pozulması, Azərbaycan Respublikasının suveren hüquqlarının tapdalanması demək idi.
Mərasimdə çıxış edən MAK-ın sədri Vüqar Novruzov bildirmişdir ki, 1990-cı ilin yanvarında Bakıda və respublikanın rayonlarında baş vermiş qanlı faciə totalitar rejimin xalqa zidd xarakterini göstərmişdir. SSRİ silahlı qüvvələrindən növbəti dəfə xarici təcavüzdən qorunmaq üçün deyil, öz xalqına qarşı istifadə edilmişdir.
Cari il yanvarın 20-də səfirliyimiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səfirliyin xollunda qoyulmuş büstünün önünə çiçək dəstələri düzməyi planlaşdırır. Həmin gün səfir Namiq Əliyev Moldova Dövlət İdarəetmə Akademiyasının kollektivi qarşısında çıxış edəcəkdir.