SİYASƏT
Azərbaycanın Müstəqillik Günü Mexikoda təntənəli şəkildə qeyd olunub
Bakı, 27 may, AZƏRTAC
Azərbaycanın müstəqilliyinin 106-cı ildönümü ilə əlaqədar Meksikada rəsmi qəbul təşkil olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış edən səfir Məmməd Talıbov qonaqlara 106 il öncə Şərqdə ilk dünyəvi və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu xatırladaraq bu gün Azərbaycanın müstəqil və suveren dövlət kimi davamlı uğurunun növbəti ildönümünün qeyd olunduğunu diqqətə çatdırıb. Bütün ərazilərimiz üzərində suverenliyimizi bərpa etdikdən və Azərbaycan xalqının 30 il ərzində əziyyət çəkdiyi hərbi təcavüz və separatizmin tam məğlubiyyətindən sonra ilk dəfə müstəqilliyimizi qeyd etdiyimizi vurğulayıb.
O, Azərbaycanın bu illər ərzində gözəçarpan sosial-iqtisadi inkişaf nümayiş etdirdiyini, məcburi köçkünlərin öz yurdlarına ləyaqətlə və təhlükəsiz şəkildə qayıtmasının təmini məqsədilə Qarabağın və Şərqi Zəngəzurun ərazilərini bərpa etmək çətinliyi qarşısında bu yolu uğurla davam etdirdiyini bildirib. Bu xüsusda, Azərbaycan tərəfindən aparılan yenidənqurma və bərpa işləri barədə qonaqları məlumatlandıran səfir ölkəmizin bu torpaqları yenidən çiçəklənən gözəl sülh və sabitlik diyarına çevirmək əzmindən bəhs edib. Eyni zamanda, səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud mina təhlükəsinə toxunaraq beynəlxalq ictimaiyyəti və dostlarımızı bu problemlə üzləşmək üçün ölkəmizə siyasi, texniki və maliyyə dəstəyi verməyə çağırıb.
Azərbaycanın məsuliyyətli tərəfdaş və beynəlxalq birliyin fəal üzvü kimi roluna toxunan səfir ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər, bu xüsusda ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslər barədə qonaqları məlumatlandırıb. Bu gün bir daha beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin artan rolunun sübutu kimi bütün ölkələrin yekdil dəstəyi ilə Azərbaycanın COP29-a ev sahibi seçilməsini məmnunluqla xatırladıb. Bunun bəşəriyyətin ən mühüm problemlərdən biri olan iqlim dəyişikliyi ilə bağlı milli, regional və qlobal səviyyədə mübarizə səylərində Azərbaycanın liderliyinin bariz nümunəsi olduğunu bildirib.
Azərbaycanın “yaşıl iqtisadiyyat”ı əsas inkişaf prioritetinə çevirdiyini bildirən diplomat 2024-cü ilin “Yaşıl dünya üçün həmrəylik ili” elan edildiyini, bu gün respublikamızın “yaşıl enerji”yə keçiddə regional lider olduğunu, son illərdə ölkə daxilində “yaşıl” layihələrə üstünlük verildiyini qeyd edib. Bu xüsusda, iqlim dəyişikliyi kimi mühüm məsələ ilə bağlı Meksika ilə əməkdaşlığa, o cümlədən problemin ölkələrimiz üçün aktuallığını nəzərə alaraq bu istiqamətdə birgə işləməyə hazır olduğumuzu vurğulayıb.
Sonra tədbirdə Meksika xarici işlər naziri Alisiya Barsena adından çıxış edən Xarici Əlaqələr Nazirliyinin departament müdiri Xorxe Raskon əvvəlcə təmsil etdiyi nazirliyin rəhbər heyətinin salamlarını və təbriklərini çatdırıb.
Meksikanın ölkəmizlə münasibətlərinin tarixindən söz açan X.Raskon Ulu Öndər Heydər Əliyevin 1982-ci ildə Meksikaya səfərini məmnunluqla xatırladıb, onun müasir Azərbaycanın inkişafında, o cümlədən Meksika ilə münasibətlərin əsasının qoyulmasında əvəzsiz rolundan bəhs edib.
Meksika ilə Azərbaycan arasında coğrafi məsafənin olmasına baxmayaraq, ölkələrimiz arasında müxtəlif sahələrdə yaxınlıqların və oxşarlıqların olduğunu xatırladan X.Raskon hər iki ölkədə mövcud səfirliklərin səmərəli fəaliyyəti nəticəsində bu gün dövlətlərimizin daha da yaxınlaşdığını, dostluq əlaqələrinin müsbət perspektivə malik uğurlu yol tutduğunu məmnuniyyətlə qeyd edib.
Tədbir çərçivəsində qonaqlara COP29 loqosu və ölkəmizin turizm imkanlarından bəhs edən videoçarxlar nümayiş olunub, milli mətbəx nümunələri təqdim edilib.