SİYASƏT
Azərbaycanın Polşadakı səfirliyi 28 May – Respublika Günü münasibətilə Varşavada rəsmi ziyafət təşkil etmişdir
Bakı, 26 may (AZƏRTAC). Azərbaycanın Polşadakı səfirliyi 28 May – Respublika Günü münasibətilə Varşavada, “Hyatt Regency” mehmanxanasında rəsmi ziyafət təşkil etmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Polşanın dövlət və hökumət rəsmiləri, o cümlədən Prezident Administrasiyasının rəhbəri, Seym sədrinin müavini, Senatın və Seymin üzvləri, habelə yeni təsis olunmuş Polşa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri və üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun, KİV-lərin, biznes dairələrinin, elm, təhsil və araşdırma mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak etmişlər.
Ziyafətdə çıxış edən səfir Həsən Həsənov Azərbaycanın tarixindən, mövcud durumundan, respublikamızın bütün sahələrdə qazandığı uğurlardan danışmışdır. Diplomat, həmçinin Azərbaycan-Polşa əlaqələrinin 540 illik tarixi və hazırkı yüksək səviyyəsi barədə məlumat vermişdir. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən uzaqgörən siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Ötən illər ərzində Azərbaycan sərmayələri qəbul edən ölkədən ixrac edən ölkəyə, humanitar yardım alan ölkədən yardım göstərən ölkəyə çevrilmişdir. Əhalinin yaşayış səviyyəsi xeyli yaxşılaşmış, yoxsulluq səviyyəsi bir neçə dəfə aşağı düşmüş, Azərbaycan hazırda regionun şəksiz lider dövlətidir.
Səfir Azərbaycan ilə Polşa arasında 20 il əvvəl yenidən bərpa edilmiş diplomatik əlaqələrin yüksək səviyyədə olduğunu, Prezident İlham Əliyev ilə Prezident Bronislav Komorovskinin son iki il ərzində bir neçə dəfə görüşdüyünü, dövlətlərimizin başçıları arasında mehriban münasibətlərin formalaşdığını bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən diplomat torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğal edildiyini və yurd-yuvalarından didərgin salınmış bir milyondan çox soydaşımızın hüquqlarının uzun illərdir ki, pozulduğunu vurğulamışdır. Danışıqlar prosesində Ermənistanın tutduğu mövqenin münaqişənin həllini uzatdığını vurğulayan səfir işğalçı ölkənin bu siyasətdən əl çəkəcəyinə ümid etdiyini bildirmişdir.
Sonra Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinin açılış mərasimi nümayiş etdirilmişdir. Müsabiqədə Polşanı təmsil edən müğənni Malvina Kuşiorun xalq mahnımız “Sarı gəlin”i Azərbaycan dilində oxuması tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Bədii hissədən sonra tədbir iştirakçılarına Azərbaycanın və Polşanın milli mətbəxinin ləziz nümunələri təqdim olunmuşdur.
Tədbir boyu ölkəmizin turizm imkanlarını təbliğ edən videoçarxlar yayımlanmışdır.