AZƏRBAYCANIN RUS İCMASININ 10 İLLİYİ
Rus icması şurasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin bu qurumun 10 illiyi münasibətilə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində təşkil edilmiş qəbulda çıxışına bu sözlərlə başladı.
O dedi ki, bu yubiley icmanın ötən 10 ildəki fəaliyyətini
qiymətləndirməyə, arxaya nəzər salaraq, yaxın keçmişi xatırlamağa imkan verir. Yaxın keçmişdə - 10-12 il bundan əvvəl belə bir təşkilatın mövcud olması, əslində, qeyri-mümkün idi. Çünki o vaxt Azərbaycan fəlakət həddinə gəlib çıxmışdı. Bu torpaqda əmin-amanlıq və sabitlik yalnız Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərliyə gələndən sonra yaradıldı.
Beynəlxalq normalara uyğun olaraq, demokratik hüquq normaları bərqərar edildi, dilindən, dini etiqadından, irqi-etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımıza insan hüquq və azadlıqlarından sərbəst istifadə etmək üçün bərabər imkanlar verildi. Respublikanın digər milli azlıqları kimi, ruslar da bu hüquq və azadlıqlardan tam istifadə edirlər.
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Ryabov çıxışında icmanın üzvlərinə təşəkkürünü bildirərək qeyd etdi ki, son 10 ildə onlar rus mədəniyyətinin, dilinin, məişət və ənənələrinin saxlanması, xalqlar arasında dostluğun möhkəmlənməsi sahəsində çox böyük işlər görmüşlər.
Sonra hazırda Bakıda olan Rusiya xarici işlər nazirinin birinci müavini Vyaçeslav Trubnikov çıxış edərək dedi ki, MDB-nin digər ölkələrindən fərqli olaraq, Azərbaycanda rus dilinin işlədilməsi və rus dilində təhsil alınması ilə bağlı heç vaxt heç bir məhdudiyyət qoyulmayıb, əvvəllər fəaliyyət göstərmiş təhsil ocaqları öz işini davam etdirir. Bu gün burada onlarca rusdilli orta ümumtəhsil məktəbi, ali məktəblərdə rus bölməsi, Bakı Slavyan Universiteti fəaliyyət göstərir. Diplomat vurğuladı ki, rus icması, haqlı olaraq, Azərbaycanın aparıcı ictimai-siyasi təşkilatlarından biri kimi tanınmışdır. Bütün bunlar Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir.
Sonra Mixail Zabelin Rusiyanın ölkəmizdəki səfirinə və diplomatik nümayəndəliyin bir sıra işçilərinə fəxri diplomlar təqdim etdi.