Azərbaycanın Rusiyadakı səfiri Məmmədbağır Əliyevə “Şərəf” ordenini təqdim edib VİDEO



Moskva, 13 may, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfirliyində Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tanınmış onkoloq Məmmədbağır Əliyevin “Şərəf” ordeni ilə təltif edilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlət mükafatını səfir Rəhman Mustafayev təqdim edib. Məmmədbağır Əliyev “Şərəf” ordeninə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizlə Rusiya arasında əlaqələrin inkişafında böyük xidmətlərinə və uzun illər səmərəli ictimai fəaliyyətinə görə layiq görülüb.
Səfir R.Mustafayev ordeni təqdim edərkən bu mükafatın xüsusi əhəmiyyətini vurğulayıb: “Bu, həqiqətən də çox nüfuzlu və dərin mənalı mükafatdır, istər iqtisadiyyat, istər mədəniyyət, istərsə də humanitar əməkdaşlıq sahəsində dövlətlərarası əlaqələrin inkişafında böyük töhfəni təcəssüm etdirir”.
Akademik M.Əliyev onun əməyinə verilən yüksək qiymətə görə dərin minnətdarlığını bildirib. O deyib: “Xüsusi vurğulamaq istərdim ki, Böyük Qələbəmizdən sonra bu mükafata layiq görülməyim ikiqat şərəfli və fərəhlidir”. Alim bunu Rusiya-Azərbaycan elmi-humanitar əlaqələrinin inkişafına yönəlmiş səylərin təqdir edilməsi kimi qəbul etdiyini vurğulayıb. O qeyd edib ki, Rusiyada həm Azərbaycana, həm də Rusiya Federasiyasına faydalı olacaq yeni azərbaycanlı alimlər nəsli formalaşır. Akademik nitqinin sonunda əlavə edib: “Bizim bir Vətənimiz var, amma yaşayış yerimiz fərqli ola bilər”.
Mükafatlandırma mərasimində azərbaycanlılar - akademik Məmmədbağır Əliyevin tələbələri, onun həmkarları və onkologiya sahəsində çalışan elmi ictimaiyyətin nümayəndələri də iştirak ediblər. Onların iştirakı təkcə alimin yüksək nüfuzunu deyil, həm də Azərbaycan ilə Rusiya arasında tibb elminin inkişafına və humanitar əlaqələrin möhkəmlənməsinə töhfə verməkdə davam edən elm məktəbinin əhəmiyyətini vurğulayıb.
Tanınmış onkoloq, Rusiyanın Əməkdar elm xadimi M.Əliyev Azərbaycan Respublikasının “Dostluq” və “Şərəf” ordenləri ilə təltif edilib, Azərbaycan Prezidentinin Fəxri diplomuna layiq görülüb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva