SİYASƏT
AZƏRBAYCANIN SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞINDAKI VƏ BƏHREYN KRALLIĞINDAKI SƏFİRİ ETİMADNAMƏSİNİ BƏHREYN KRALINA TƏQDİM ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında və eyni zamanda Bəhreyn Krallığındakı səfiri Tofiq Abdullayev yanvarın 22-də etimadnaməsini Bəhreyn Kralı şeyx Həməd bin İsa əI Xəlifəyə təqdim etmişdir.
Bəhreyn kralı ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu və yaxın zamanda Bakıya səfər etmək niyyətini bildirmişdir. O, Azərbaycana səfər etmiş bir sıra digər ərəb dövlətləri başçılarından ölkəmiz haqqında xoş sözlər eşitdiyini və Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilmiş yüksək iqtisadi göstəricilər barədə məlumatlı olduğunu vurğulamışdır.
Səfir T.Abdullayev Bəhreyn Krallığının xarici işlər üzrə dövlət naziri doktor Nizar Sadiq əI-Baxarə ilə də görüşmüş və etimadnaməsinin surətini ona təqdim etmişdir.
Tərəflər Azərbaycan-Bəhreyn əlaqələrinin müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə etmişlər. Bəhreyn Krallığının Yaxın Şərqin əsas maliyyə mərkəzlərindən biri olduğu nəzərə alınaraq, maliyyə-bank sahəsində əlaqələrin genişləndirilməsinin məqsədəuyğunluğu qeyd olunmuş, Azərbaycan maliyyə nazirinin bu ölkəyə səfərinə dair ilkin razılıq əldə edilmişdir.
Görüşlərdə T.Abdullayev Azərbaycanın sürətli inkişafı, Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı görülən işlər barədə ətraflı məlumat vermişdir.