AZƏRBAYCANIN TƏHLÜKƏSİZLİK STRATEGİYASI ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR
AZƏRTAC xəbər verir ki, mayın 7-də Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ümummilli liderin 85 illik yubileyinə həsr olunmuş mərasim keçirilmişdir.
Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudova Şəxsi heyətin hazırlığı barədə raport verildikdən sonra ulu öndərin akademiyanın həyətində ucaldılmış abidəsi önünə güllər qoyulmuş, Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.
Nazir Eldar Mahmudov şəxsi heyət qarşısında çıxış etmişdir. O, ulu öndərin Azərbaycanın tarixinə parlaq şəxsiyyət kimi daxil olduğunu, Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi fəaliyyəti, xalqın maraqlarına sıx bağlı olması ilə ümummilli lider adını qazandığını bildirmişdir.
Heydər Əliyevin fəaliyyətinin geniş və çoxşaxəli olduğunu deyən nazir Azərbaycanın təhlükəsizliyi və sabitliyi naminə ulu öndərin gördüyü işlərdən danışmışdır. Bildirmişdir ki, Heydər Əliyevin zəngin həyat yolu əvvəldən ölkənin təhlükəsizliyi ilə sıx bağlı olmuşdur. Qürur duyuruq ki, belə böyük şəxsiyyət 25 ildən artıq müddətdə məhz təhlükəsizlik orqanlarında çalışmış və onun rəhbəri olmuşdur. Heydər Əliyev əks-kəşfiyyata rəhbərlik etdiyi 1956-1964-cü illərdə, xüsusilə də Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərliyinə irəli çəkildiyi 1965-1969-cu illərdə Azərbaycanın təhlükəsizlik orqanlarının milli prioritetlərini müəyyən etməyə başlamışdır. Bu orqana milli kadrların cəlb edilməsi və irəli çəkilməsi ilə gələcək milli təhlükəsizlik sisteminin formalaşması üçün zəmin yaratmışdır. Məhz Heydər Əliyevin dönmədən apardığı siyasət nəticəsində təhlükəsizlik orqanlarında azərbaycanlıların xüsusi çəkisi sürətlə artmağa başlamışdır.
Görkəmli dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi müdrik və uğurlu siyasət barədə ətraflı məlumat verən Eldar Mahmudov vurğulamışdır ki, ulu öndərin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər tarixə geniş quruculuq-yaradıcılıq dövrü kimi yazılmışdır. Azərbaycanın iqtisadiyyatında, mədəniyyətində və elmində sürətli inkişaf başlanmış, gələcək müstəqil dövlət üçün geniş infrastrukturlar yaradılmışdır. Bu illərdə milli zabit kadrlarının hazırlığı üçün Heydər Əliyevin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına hərbi məktəb açılmışdır.
General-leytenant Eldar Mahmudov vurğulamışdır ki, çağdaş tariximizdə Azərbaycanın təhlükəsizlik strategiyası Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Milli Təhlükəsizlik Nazirliyinin işində qabaqcıl beynəlxalq təcrübənin nəzərə alınması ulu öndərin hüquqi və demokratik dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsini təşkil edirdi. Ölkəmizin başçısı İlham Əliyev də ulu öndərin dövlətçilik siyasətini uğurla davam etdirərək Milli Təhlükəsizlik Nazirliyinin nüfuzunun artırılması üçün zəruri təşkilati-əməli tədbirlər görməyə başlamışdır. Bu baxımdan, 2004-cü ildən etibarən Azərbaycan xüsusi xidmət orqanlarının tarixində yeni bir mərhələ başlanmışdır.
Nazir Heydər Əliyevin hər bir azərbaycanlının lideri, Azərbaycanın ən yeni tarixinin yaradıcısı və qurucusu olduğunu, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın xilaskarı missiyasını uğurla reallaşdırdığını, bu müdrik şəxsiyyətin rəhbərliyi altında geniş islahatlar kursuna başlandığını, ölkəmizin həyatının bütün sahələrində nailiyyətlər əldə edildiyini, tarixi-mədəni irsin qorunub saxlanılması istiqamətində böyük işlər görüldüyünü xatırlatmışdır. Vurğulanmışdır ki, ümummilli lider başlıca inkişaf planlarını və dövlətçilik prinsiplərini müəyyən etmiş, dönməz sabitliyə nail olaraq ölkəni inkişaf yoluna çıxarmışdır.
Çıxışının sonunda Eldar Mahmudov qeyd etmişdir ki, şəxsi heyət xalqımızın ümummilli lideri Heydər Əliyevin irsini dərindən öyrənəcək, onun təhlükəsizlik orqanlarında yaratdığı ənənənin davam etdirilməsi ilə bağlı üzərinə düşən vəzifəni şərəflə yerinə yetirəcəkdir. Eyni zamanda, ölkəmizin başçısı İlham Əliyevin etimadını dönmədən doğrultmaq üçün bütün qüvvə və səylərini əsirgəməyəcək, milli maraqlar naminə onun ətrafında sıx birləşəcəkdir.
Akademiyanın rəisi general-leytenant Ziya Yusifzadə, kursant, Heydər Əliyev təqaüdçüsü Cabir Quliyev müasir Azərbaycanın memarı və qurucusu dahi dövlət xadimi Heydər Əliyevin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və qüdrətlənməsi sahəsində gördüyü işlərdən danışmış, yaradılmış şərait və daimi diqqət üçün ölkə rəhbərliyinə və nazirə təşəkkür etmişlər.
Kursantlar təhsil aldıqları Heydər Əliyev adına Akademiya üçün yazılmış və ilk dəfə səsləndirilən təntənəli marşın sədaları altında tribunanın önündən keçmişlər.
Akademiyanın Şöhrət muzeyində nazir Eldar Mahmudov bu təhsil ocağının bir qrup əməkdaşına və kursantlara pul mükafatları, qiymətli hədiyyə və fəxri fərmanlar vermişdir. Eldar Mahmudov təltif olunanlarla xatirə şəkli çəkdirmişdir.
Mərasim daha sonra təhsil ocağının akt zalında ümummilli liderin anadan olmasının 85 illiyinə həsr olunmuş elmi-praktik konfransla davam etmişdir.
######
![]() |
![]() |

