AZƏRBAYCANIN UKRAYNADAKI SƏFİRLİYİ DAHİ LİDER HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNİ LAYİQİNCƏ QEYD ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 10-da Azərbaycanın Ukraynadakı səfirliyi ümummulli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirmişdir.
Əvvəlcə səfirliyin əməkdaşları, diasporumuzun müxtəlif regionlardan olan nümayəndələri, Kiyev ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr Regionlararası Heyətin İdarə olunması Akademiyasının (RHİA) Heydər Əliyev adına Ukrayna-Azərbaycan Sosial Elmlər İnsititutunda olmuşlar. Qeyd edək ki, RHİA dünyanın müxtəlif ölkələrindən 50 mindən çox tələbənin təhsil aldığı iri qeyri-dövlət ali məktəbidir. Burada diplomatlarımız, diasporumuzun üzvləri, azərbaycanlı tələbələr, eləcə də ali məktəbin professor-müəllim heyəti Heydər Əliyevin adını daşıyan institutun önündə dahi liderin ucaldılmış büstü önünə güllər qoymuşlar.
Sonra tədbir iştirakçıları Heydər Əliyevin ölkəmizin diplomatik nümayəndəliyi qarşısındakı bağda ucaldılmış abidəsi önündə keçirilən kütləvi mitinqdə iştirak etmişlər.
Azərbaycan xalqının görkəmli oğlu və dahi siyasi xadim Heydər Əliyevin abidəsi önünə Ukrayna Prezidenti Viktor Yuşşenko, Ukrayna hökuməti və XİN-i, Kiyevin Şevçenko rayonunun administrasiyası, Azərbaycan səfirliyi, Ukrayna Azərbaycanlıları Konqresi və s. adından çoxsaylı əklillər və gül zənbilləri qoyulmuşdur.
Azərbaycanın Ukrayndakı səfiri Tələt Əliyev, Ukrayna Prezidenti Katibliyi rəhbərinin müavini, Ukrayna Ali Radasında dövlət başçısının nümayəndəsi Oksana Slisarenko, Ukrayna yanacaq və energetika nazirinin müavini Burzu Əliyev, Ukrayna XİN-in yüksək vəzifəli nümayəndəsi Viktor Bannıx çıxış edərək dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müstəqil, demokratik, sabit və çiçəklənən Azərbaycanın yaradılmasında müstəsna xidmətlərindən, neft strategiyasının nəhəng layihələrin həyata keçirilməsindən, Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Kremldə fəaliyyət göstərdiyi dövrdə Ukraynaya kömək göstərməsindən, xalqlarımız arasında təməli ulu öndərimiz tərəfindən qoyulmuş qırılmaz dostluq tellərindən, müstəqil Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıqdan danışmışlar.
Natiqlər vurğulamışlar ki, Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin daxili və xarici siyasəti onun layiqli davamçısı, Azərbaycanın və onun vətəndaşlarının rifahı naminə durmadan çalışan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan xalqı öz gələcəyini Prezidentinin adı ilə bağlayır.