AZƏRBAYCANIN XARİCİ ƏLAQƏLƏRİ BÖYÜK DƏRƏCƏDƏ GENİŞLƏNMİŞ, 50-DƏN ÇOX ÖLKƏDƏ SƏFİRLİKLƏR AÇILMIŞDIR
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu barədə məlumat verərək demişdir ki, bu sahədə əldə etdiyimiz nailiyyətlər ölkəmizi daha da gücləndirir və Azərbaycan haqqında həqiqətlər dünya birliyinə olduğu kimi çatdırılır. Bu, bizim üçün çox lazımdır və vacibdir. Çünki dünya erməni lobbi təşkilatları Azərbaycanı ləkələmək, Azərbaycanı qeyri-demokratik ölkə kimi təqdim etmək və Azərbaycanın beynəlxalq mövqelərini zəiflətmək üçün bizə qarşı mütəmadi qaydada mübarizə aparırlar. Biz bunu bilirik. Bizim haqqımızda xarici mətbuatda gedən yazıların böyük əksəriyyəti erməni müəllifləri tərəfindən bəzi hallarda başqa adlarla yazılır. Yaxud da erməni lobbi təşkilatları tərəfindən maliyyələşdirilir.
Prezident vurğulamışdır ki, lobbi fəaliyyəti inkişaf etmiş ölkələrdə çox geniş yayılıbdır. Erməni lobbisinin də böyük iqtisadi imkanları var. Onlar bu iqtisadi imkanlardan istifadə edib həm siyasətçiləri öz tərəfinə çəkirlər, həm də mətbuat orqanlarında özlərinə sərf edən yazıları dərc etdirirlər. Əksər ölkələrdən fərqli olaraq, dünyada Azərbaycana qarşı mütəmadi qaydada çox böyük və düşmənçilik mövqeyində dayanan strukturların qabağına biz öz gücümüzü qoymalıyıq. Xarici siyasətdə bu məsələdən başqa bizim ciddi problemlərimiz yoxdur.