Azərbaycanın xırdabuynuzlu heyvanlarla bağlı beynəlxalq sertifikat almasının üstünlükləri açıqlanıb


Paris, 30 may, AZƏRTAC,
“Azərbaycan nümayəndə heyəti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Nümayəndələri Assambleyasının 91-ci Ali Baş Sessiyasında iştirak edir. Dünən - mayın 29-da sessiyada təşkilatın heyvan xəstəlikləri üzrə Elmi Komissiyası Azərbaycanın xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyi (Peste des petits ruminants-PPR) ilə bağlı hesabatını qəbul edildi. Hesabatın qəbulundan sonra Azərbaycana ÜHST tərəfindən Xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyindən (Peste des petits ruminants-PPR) azad ölkə kimi tanınması ilə bağlı sertifikat verildi. Bu böyük nailiyyətdir”.
Bu fikirləri Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Nümayəndələri Assambleyasının 91-ci Ali Baş Sessiyasında iştirak edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev AZƏRTAC-a müsahibəsində söyləyib. Q. Əbdüləliyev bildirib ki, bu nailiyyət ÜHST-ün rəhbərliyi, eləcə də bu sessiyada iştirak edən 183 üzv ölkənin və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən yüksək qiymətləndirilib: “Cənubi Qafqaz regionunda Azərbaycan bu ilk statusu - tanınma sertifikatını alan ölkə oldu. ÜHST-ün təşəbbüslərinə uyğun olaraq, Azərbaycan artıq bu sahədə öz təcrübələrini regionun digər ölkələri ilə bölüşəcək. Bu tanınma sertifikatı Azərbaycanın sağlamlıq statusuna hazırlığını nümayiş etdirməklə yanaşı, xırdabuynuzlu heyvan məmulatlarının ixracına olan bütün maneələri aradan qaldırır və ixrac üçün yaşıl işıq yandırır. Artıq ixracatla bağlı müxtəlif ölkələrlə ikitərəfli əməkdaşlıq üçün xəstəlikdən azadlıq statusunun olduğu bildiriləcək və bu, ixrac prosedurunu asanlaşdıracaq. Prosedur zamanı xırda detallar üzərində vaxt itkisi olmayacaq və sadəcə azadlıq statusumuzun olduğunu bildirəcəyik. Bu, bizim ikinci beynəlxalq sertifikatımızdır. Aldığımız sertifikatın statusun qoruyub saxlamışıq və bundan sonra da qoruyub saxlayacağıq. Həmçinin dabaq xəstəliyindən azad zona statusu, eləcə də ticarətdə maneə törədən yüksək patogen quş qripi ilə bağlı fərqli bəyannamə formasında sertifikat almaq gələcək planlarımıza daxildir”.