AZƏRBAYCANIN YAPONİYADAKI SƏFİRLİYİNDƏ 28 MAY - RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
Səfirlikdən bildirmişlər ki, Yaponiya parlamentinin və hökumətinin, işgüzar və ictimai dairələrin nümayəndələrinin, diplomatların, eləcə də Yaponiyada yaşayan və təhsil alan həmvətənlərimizin iştirak etdikləri tədbirdə səfir Azər Hüseyn Şərqdə ilk respublika olan Azərbaycan Demokratik Respublikasının tarixindən, ölkəmizin təbii və mədəni zənginliklərindən, iqtisadi tərəqqisindən və Yaponiya ilə münasibətlərin inkişafından danışmışdır.
Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq liqasının sədri Akira Amari Azərbaycan xalqını Respublika günü münasibətilə təbrik etmişdir.
Nazir Azərbaycana səfərdən aldığı xoş təəssüratlarını bölüşmüş, ölkəmizin neft yataqları ilə tanış olduğunu xatırlatmışdır.
A.Amari ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin sayəsində Azərbaycanın hazırda beynəlxalq aləmdə möhkəm yer tutduğunu və sürətlə inkişaf etdiyini vurğulamışdır.
Nazir Azərbaycanın təbii ehtiyatları və insan resurslarının Yaponiyanın təcrübəsi və yüksək texnologiyaları ilə sintez edilərək güclü əməkdaşlıq və uzunmüddətli dinamik inkişafa malik ola biləcəyini qeyd etmişdir.
Tədbirdə çıxış edən Azərbaycan-Yaponiya Birgə İqtisadi Komissiyasının Yaponiya tərəfindən həmsədri Akira Yokota Azərbaycan Demokratik Respublikasının qurulmasının 90 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, ümummilli lider Heydər Əliyevin bir neçə gün əvvəl qeyd olunmuş 85 illiyini, birgə iqtisadi komissiyanın 10 illiyini xatırladaraq, cari ilin bir sıra yubileylərlə zəngin olduğunu vurğulamışdır.
A.Yokota ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının günbəgün inkişaf etdiyini bildirmişdir.