SİYASƏT
AZƏRBAYCANLA AMERİKA ARASINDA HƏRTƏRƏFLİ ƏMƏKDAŞLIQ ÜÇÜN BÖYÜK İMKANLAR MÖVCUDDUR
Azərbaycanda səlahiyyət müddəti başa çatan ABŞ-ın ölkəmizdəki səfiri Ross Uilson ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.
Səfiri səmimi salamlayan ədliyyə naziri onun fəaliyyətinin ölkəmizdə möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi demokratik, o cümlədən köklü məhkəmə-hüquq islahatının aparılması dövrünə təsadüf etdiyini bildirərək, bu sahədəki səmərəli əməkdaşlığın böyük əhəmiyyətə malik olduğunu qeyd etmişdir. ABŞ səfirliyi ilə Azərbaycanın Ədliyyə Nazirliyi arasında əlaqələrin işgüzar və faydalı xarakter daşıdığını nəzərə çarpdıran nazir bunun ölkələrimiz arasındakı dostluq münasibətlərindən irəli gəldiyini vurğulamışdır.
Azərbaycanda çalışdığı müddətdə bir çox məsələlərin həllində Ədliyyə Nazirliyi tərəfindən göstərilmiş yardıma görə minnətdarlığını bildirən, faydalı əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini qeyd edən səfir ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən layihələrin həyata keçirildiyini söyləmişdir. Səfir bütün məhkəmələrin, ədliyyə və digər qurumların qanunvericilik bazasından geniş istifadə imkanlarına malik olması üçün elektron şəbəkəsi yaradılmasını və hüquqşünasların tədrisinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən mühüm layihələri xüsusi vurğulamışdır.
Qəbul zamanı həmçinin, sahibkarlara dövlət himayəsinin daha da artırılması üzrə görülən tədbirlərdən danışılmış, Ədliyyə Nazirliyi tərəfindən hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun təkmilləşdirilməsi və sadələşdirilməsi üzrə görülən işlərin əhəmiyyəti vurğulanmışdır.