Azərbaycanla Rusiya birgə layihələrin həyata keçirilməsində maraqlıdırlar
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan ilə Rusiya birgə layihələrin həyata keçirilməsində maraqlıdırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov aprelin 4-də Bakıda keçirilən Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunda deyib.
S.Qurbanov qeyd edib ki, birgə layihələrin icra olunması hər iki ölkənin işgüzar dairələrinin əməkdaşlıq əlaqələrinin dərinləşməsinə xidmət edir.
Bu əməkdaşlığın genişlənməsində Azərbaycan-Rusiya İşgüzar Şurasının əhəmiyyətindən danışan Səməd Qurbanov bildirib ki, İşgüzar Şura tərəfindən təşkil olunan tədbirlər hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin dərinləşməsinə şərait yaradır. Hazırda Azərbaycan-Rusiya İşgüzar Şurasında 120 nümayəndə var və onlar iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərirlər.