ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu jurnalda dərc edilib

Bakı, 8 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri professor Rövşən Xəlilovun həmmüəllifi olduğu “2010-cu ildən 2019-cu ilə qədər 29 xərçəng qrupu üçün xərçəng xəstəliyi, ölüm, ömrün itirilmiş illəri, əlilliklə yaşanan illər və əlilliyə uyğunlaşmış həyat: qlobal xəstəlik yükü tədqiqatı üçün sistemli təhlil, 2019” adlı məqalə “Web of Science” bazasında Q1 kvartil kateqoriyalı jurnallar siyahısına daxil olan “JAMA Oncology” jurnalında dərc edilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, məqalədə xərçəng xəstəliyinin yaranmasından, bu istiqamətdə mümkün risk faktorlarının araşdırılmasından, uzun illər xərçəng xəstəliyindən əziyyət çəkən müxtəlif əhali qruplarının yerli və beynəlxalq səviyyədə tədqiqindən bəhs edilir. Təqdim edilən elmi məqalədə alınmış nəticələr xərçəng xəstəliyinin vaxtında proqnozlaşdırılmasında, ölüm hallarının azaldılmasında tətbiq edilə bilər.