ELM VƏ TƏHSİL
Azərbaycanlı professor Rusiyanın ən çox istinad edilən alimlərinin reytinqi sırasında birinci yeri tutub
Bakı, 19 sentyabr, AZƏRTAC
Beynəlxalq akademik platforma olan “Research.com – Leading Academic Research Portal” 2024-cü il üçün aparıcı tədqiqatçıların siyahısını dərc edib. Rusiya Elmlər Akademiyasının (REA) Biologiyanın Fundamental Problemləri İnstitutunun Suyun fotosintetik oksidləşməsi laboratoriyasının baş elmi işçisi, REA Bitki Fiziologiyası İnstitutunun İdarəolunan fotobiosintez laboratoriyasının müdiri, professor, biologiya elmləri doktoru, REA-nın müxbir üzvü, Rusiya Federasiyasının Əməkdar elm xadimi Süleyman Allahverdiyev “Plant Science and Agronomy” sahəsində Rusiya alimləri arasında birinci və dünya miqyasında 379-cu yeri tutub. Ötən il ərzində Süleyman Allahverdiyevin əsərlərinə 20 mindən çox istinad edilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd edilib ki, 2023-cü ildə Süleyman Allahverdiyev Rusiya alimləri arasında reytinq cədvəlində birinci, 2022-ci ildə isə “Biology and Biochemistry” sahəsində dördüncü yerdə olub.
Professor fotosintezin fundamental proseslərinin tədqiqinə və bitkilərdə günəş enerjisinin fotokatalitik çevrilmə mexanizmlərinin öyrənilməsinə mühüm töhfə verib. Bundan əlavə, “Phystech fotosistem 2”nin reaksiya mərkəzində elektronların ötürülməsində feofitin molekulunun iştirakını kəşf edən və sübut edən, həmçinin “fotosistem 2”nin donor hissəsində dörd manqan atomunun olduğunu müəyyən edən əsas alimlərdən biridir. Son illərdə Süleyman Allahverdiyevin elmi maraqları süni fotosintez və hidrogen enerjisinin öyrənilməsinə yönəlib.