AZƏRBAYCANLI UŞAQLARIN STRASBURQDA VERDİYİ KONSERTLƏR BÖYÜK MARAQLA İZLƏNMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan uşaq simfonik orkestrinin, xor kapellasının, xoreqrafiya məktəbinin kollektivləri və ayrı-ayrı solistlər mayın 22-də və 23-də Avropanın rəmzi paytaxtı Strasburqda konsert proqramı ilə çıxış etmişlər.
Mayın 22-də gənc istedadlar Avropanın ən möhtəşəm kilsələrindən biri hesab edilən Strasburq Katedralında çıxış etmişlər.
Avropa Şurası 2008-ci ili mədəniyyətlərarası dialoq ili elan etmişdir. Katedralda təşkil olunmuş konsert də Azərbaycanın bu prosesdə fəal iştirak etməklə müxtəlif mədəniyyətlərin və dinlərin biri-birinə yaxınlaşmasına töhfə vermək məqsədi daşıyırdı.
Həmin gün Azərbaycan incəsənət ustaları Avropa Şurası Nazirlər Komitəsinin yerləşdiyi binanın foyesində növbəti konsert proqramı ilə çıxış etmişlər. Onların çıxışı böyük maraqla və sürəkli alqışlarla qarşılanmışdır.
Mayın 23-də azərbaycanlı uşaqlar Qurultaylar və Musiqi Sarayında geniş konsert proqramı ilə çıxış etmişlər. Onların hər bir çıxışı tələbkar fransız tamaşaçılarını heyrətə salmışdır.
Konsertdən sonra Avropa Şurası baş katibinin müavini xanım Mod de Bur Bukikkio Azərbaycan jurnalistlərinə verdiyi müsahibəsində konsertdən böyük zövq aldığını, ölkəmizin zəngin incəsənətinin şahidi olduğunu, konserti AŞ-ın “Uşaqlar Avropa üçün, Avropa uşaqlar üçün” elan etdiyi devizə görə tam yerinə düşdüyünü, Azərbaycanın istedadlı uşaqlar vətəni olmasına bir daha əmin olduğunu bildirmişdir.
Ayrı-ayrı tamaşaçılar konsertin onlarda xoş təəssürat yaratdığını bildirmiş, öz heyranlıqlarını gizlətməmişlər.
Konserti izləyənlər arasında Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti, Avropa Şurası baş katibinin müavini Mod de Bur Bukikkio, AŞPA-nın sədri Luis Maria de Puç, qurumun digər rəsmləri, müxtəlif ölkələrin daimi nümayəndəliklərin əməkdaşları, Strasburq şəhər ictimaiyyətinin nümayəndələri, soydaşlarımız da olmuşlar.