İQTİSADİYYAT
“Azerfon” şirkəti şəbəkənin müasirləşdirilməsinə investisiyalarını artırır
Bakı, 23 sentyabr (AZƏRTAC). “Azerfon” MMC ilə “Bank Standard” kommersiya bankı arasında əldə olunan razılaşmaya əsasən 2011-ci il iyul ayından etibarən 15 milyon manat məbləğində vəsaitin ayrılması məqsədi ilə veksel satışı elan edilmişdir.
Veksel satışından əldə edilən vəsait mobil operator tərəfindən qısa müddətdə yeni texnologiyaların tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi və şəbəkə əhatəsinin gücləndirilməsi üçün istifadə olunacaqdır. Müqaviləyə əsasən veksellərin hazırlanması və satışı ilə bağlı bütün işləri, o cümlədən, potensial investorların cəlb edilməsi “Bank Standard” tərəfindən həyata keçirilir.
“Azerfon” şirkətinin baş icraçı direktoru Yurgen Pitz bildirmişdir ki, 2011-ci il “Azerfon” abunəçiləri üçün böyük dəyişikliklər ili olacaqdır. “Bank Standard”la həyata keçirdiyimiz veksel proqramı ilk növbədə 3G şəbəkəsinin qısa müddətdə gücləndirilməsinə yönəlmişdir. Hazırda əhalinin 100 faizi mobil telefondan istifadə edir. Lakin, data xidmətlərinin istifadəsinin artımında böyük potensial var və biz də əhaliyə 3G şəbəkəsini gücləndirmək məqsədi ilə investisiyalarımızı artırırıq. İki ay əvvəl “Nokia Siemens Network” (NSN) şirkəti ilə şəbəkəmizin genişləndirilməsi və modernizasiyası üçün 65 milyon ABŞ dolları məbləğində müqavilə imzaladıq. “Bank Standard” vasitəsilə həyata keçirəcəyimiz növbəti yatırım qısa müddətdə şəbəkə əhatəmizin və xidmət keyfiyyətinin artmasına səbəb olacaqdır.
“Bank Standard” idarə heyəti sədrinin birinci müavini Cavid Quliyev demişdir ki, kommersiya bankı “Azerfon” şirkətinin maliyyə tərəfdaşı kimi vəsaitlərin cəlb olunmasını təşkil edir. Apardığımız araşdırma göstərir ki, “Azerfon” sürətli inkişaf templərinə görə sərmayəçilərin böyük marağını cəlb etməkdədir. Bu sahədə təcrübəmizi, habelə “Azerfon”un maliyyə qurumları və geniş ictimaiyyət arasında olan etibar və nüfuzunu nəzərə alaraq əminik ki, “Azerfon” ilə hazırladığımız veksel proqramı çərçivəsində lazım olan vəsait qısa müddətdə tam şəkildə cəlb olunacaqdır. “Bank Standard” üçün bu layihə ölkənin ən böyük və aparıcı şirkətləri ilə qurduğumuz uğurlu maliyyə tərəfdaşlığının daha bir önəmli nümunəsi kimi ön plana çıxır.