İQTİSADİYYAT
“Azəri-Çıraq-Günəşli” yatağından ötən il 152 milyon barel neft çıxarılıb
Bakı, 9 fevral, AZƏRTAC
2022-ci ildə “Azəri-Çıraq-Günəşli”dən (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.
AZƏRTAC BP-nin illik hesabatına istinadən xəbər verir ki, il üçün AÇG-dən ümumi hasilat - “Çıraq” (25 min 200), “Mərkəzi Azəri” (104 min 100), “Qərbi Azəri” (106 min 400), “Şərqi Azəri” (64 min), “Dərinsulu Günəşli” (76 min 300) və “Qərbi Çıraq” (39 min 400) platformalarından birlikdə - gündə orta hesabla 415 min 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton olub.
İlin ikinci rübündə AÇG-nin illik iş proqramının bir hissəsi olaraq “Şərqi Azəri” platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib. Plana əsasən, “Şərqi Azəri” platformasından hasilat təxminən 15 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılmış bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb.
İlin sonunda AÇG-də ümumilikdə 141 neft hasilat quyusu, 41 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.