İQTİSADİYYAT
“AZƏRİKİMYA” İB-İN ETİLEN-POLİETİLEN ZAVODUNDA İZOLYASİYA İŞLƏRİ YÜKSƏK SƏVİYYƏDƏ APARILIR
Bakı, 16 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Azərikimya” İstehsalat Birliyinin (İB) Etilen-polietilen zavodunun qazların sıxılması sexində 4 istiliksaxlayıcının izolyasiya işləri yekunlaşdırılmışdır. Avadanlıqda və texnoloji xətlərdə 1200 kvadratmetrədək yumşaq izolyasiya işləri yerinə yetirilmişdir.
Bununla yanaşı, həm qazların sıxılması, həm də piroliz sexlərində bütün buxar xətlərinin yumşaq izolyasiyaya salınması işləri sona çatdırılmış, piroqazın ilkin fraksiyalara ayrılması və suyun hazırlanması sexinin estakadaları üzərindən keçən texnoloji boru xətlərinin yumşaq izolyasiya işləri də tamamlanmışdır. Hazırda təmirçilər xətlərin və izolyasiya örtüyünün kənar təsirlərdən qorunması üçün onları dəmir təbəqə ilə örtürlər.
Enerji itkilərinin qarşısının alınmasında xüsusi əhəmiyyət kəsb edən termoizolyasiya işlərinə Sumqayıtın “Termoizol” şirkətinin işçiləri də qoşulmuşlar. Ümumilikdə müəssisənin “EP-300” və “Polimir-120” komplekslərindəki izolyasiya işlərinə 8 briqada cəlb olunmuş, indiyədək 5 min 700 kvadratmetrdən artıq izolyasiya işləri yerinə yetirilmişdir. Görüləcək işlərin ümumi həcmi isə 42 min kvadratmetrə yaxındır.
Etilen-polietilen zavodunda belə geniş həcmdə və yüksək keyfiyyətlə izolyasiya işləri ilk dəfə aparılır.