“Azəriqaz”: Bu il 162,5 kilometr müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib
Bakı, 5 aprel, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublikanın yaşayış məntəqələrinə təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür.
Birlikdən AZƏRTAC-a bildirilib ki, tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq, “Azəriqaz” tərəfindən nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar, ilk növbədə, kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri davam etdirilir. Respublika ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması və istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidənqurulması məqsədilə bu ilin yanvar-mart ayları ərzində 162,5 kilometr müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 113,8 kilometr qaz kəmərləri əsaslı təmir olunub.
Regionlar üzrə 18 qəsəbə kənd və yeni salınmış yaşayış massivində qazlaşdırma işlərinə başlanılıb, o cümlədən 655 fərdi evdən ibarət İsmayıllı rayonunun Qalacıq kəndində tikinti quraşdırma işləri yekunlaşdırılaraq təbii qazın verilməsi təmin edilib. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında bir pilləli tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Qaz təsərrüfatının inkişaf etdirilməsi məqsədilə qaz şəbəkəsinin yenidən qurulması, istehlakçıların qaz təchizatının bərpası ilə yanaşı, yeni qaz kəmərlərinin çəkilməsi, yaşayış sahələrinin qazlaşdırılması və təbii qazdan səmərəli istifadə edilməsi istiqamətdə işlərin icrası davam etdirilir.