İQTİSADİYYAT
“Azəriqaz” İB bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkdir
Bakı, 22 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi (İB) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə dekabrın 25-dən yanvarın 5-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkdir.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirmişlər ki, bayram günlərində əhalinin fasiləsiz və davamlı olaraq təbii qazla təmin edilməsi məqsədi ilə birlik tərəfindən bütün zəruri tədbirlər həyata keçirilmişdir. Qaz istismar sahələrində sutkanın 24 saatını əhatə etməklə növbətçilik sistemi yaradılmışdır. Abonentlər həmin günlərdə qarşıya çıxa biləcək hər hansı bir çətinliklərlə əlaqədar 104 və 185 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər.