“Azərneftyağ” neft emalı zavodunda 2011-ci ilin yekunlarına həsr olunmuş iclas keçirilmişdir
Bakı, 6 yanvar (AZƏRTAC). ARDNŞ-in “Azərneftyağ” neft emalı zavodunda 2011-ci ilin yekunlarına həsr olunmuş iclas keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin zavodun ərazisində ucaldılmış büstü önünə gələrək, müstəqil Azərbaycan dövlətinin qurucusu, milli iqtisadiyyatımızın inkişafında müstəsna rol oynamış yeni neft strategiyasının banisinin unudulmaz xatirəsini ehtiramla yad etmişlər.
Zavodun həmkarlar ittifaqı komitəsinin sədri İlham Quliyev “Dövlət Neft Şirkətinin idarə və müəssisələrində çalışan işçilərin sosial rifah halının yaxşılaşdırılması məqsədi ilə 2011-2015-ci illər üçün sosial-inkişaf proqramı”nın icrası çərçivəsində görülmüş işlərdən danışmışdır. Çıxış edənlər 2011-ci ildə əldə edilmiş uğurlardan bəhs etmiş, sex və istehsalat sahələrində sağlam əmək şəraitinin yaxşılaşdırılması, bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə həyata keçirilmiş tədbirlər barədə məlumat vermişlər.
Zavodun direktoru Rövşən Həsənov xalqımızın ümummilli lideri Heydər Əliyevin fitri istedadının bəhrəsi olan neft strategiyasının Azərbaycanın iqtisadi qüdrətinin və nüfuzunun artmasında misilsiz əhəmiyyətə malik olduğunu qeyd etmiş, bu qalibiyyətli strategiya çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən qlobal enerji layihələrinin ölkəmizə qazandırdığı uğurlardan və bu uğurlarda zavodun rolundan danışmışdır.
Sonda ilin yekunlarına görə əməkdə fərqlənmiş istehsalat qabaqcıllarından bir qrupuna fəxri fərmanlar təqdim olunmuşdur.