CƏMİYYƏT
AZƏRTAC ilə “China Daily” əməkdaşlıq müqaviləsi imzalayıb VİDEO
Urumçi, 15 oktyabr, AZƏRTAC
Çinin Urumçi şəhərində keçirilən 6-cı Dünya Media Sammiti çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Çinin nüfuzlu media qurumlarından olan “China Daily Group” arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və “China Daily”nin vitse-prezidenti xanım Cu Baosia imzalayıblar.
Müqavilə tərəflər arasında gündəlik xəbərlərin, foto və videoinformasiyaların mübadiləsini nəzərdə tutur. Bundan başqa, təcrübə mübadiləsi, xüsusən də gənc jurnalistlər üçün təlim proqramları, birgə tədbirlər təşkil ediləcək.
İmzalanma mərasimində qeyd olunub ki, AZƏRTAC ilə “China Daily” arasında informasiya mübadiləsi, layihələrə qarşılıqlı dəstək də daxil olmaqla sıx əməkdaşlıq əlaqələri mövcuddur. “China Daily” Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarca materialını öz internet səhifəsində yerləşdirib.
Çap versiyası və rəqəmsal platformalar üzərindən milyonlarca oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdəndir. 1981-ci ildən nəşr olunan “China Daily” Çində internet səhifəsi açılan ilk kütləvi informasiya vasitəsidir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur. Qəzetin Çində buraxılan əsas nəşrinə paralel olaraq, ABŞ-da (Nyu-York), Avropada (London), Afrikada (Nayrobi) və Asiya ölkələri üçün Honkonqda ayrıca versiyaları dərc olunur.
AZƏRTAC-ın xüsusi müxbiri
Urumçi