CƏMİYYƏT
AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın AdjaraTv12 kanalında Laçın dəhlizinin əhəmiyyətindən danışıb




Tbilisi, 29 oktyabr, AZƏRTAC
Gürcüstanın “AdjaraTv12” televiziya kanalında Dağlıq Qarabağda, xüsusən də işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti quruculuq, abadlıq işləri, Azərbaycan hökumətinin həyata keçirdiyi iri miqyaslı layihələr, Laçın dəhlizinin əhəmiyyəti və bu dəhlizə alternativ yolun açılması ilə bağlı reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, veriliş hərbçilərimizin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Laçın şəhərinin tam nəzarətə götürülməsi ilə bağlı raportu və digər maraqlı məqamlarla başlayıb.
“Adjara PS” Mediaholdinqinin baş direktoru və baş redaktoru Cemal Meqrelidze Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra bölgədə və regionda yeni dövrün başlandığını bildirib.
Batumi Dövlət Universitetinin professoru, fəlsəfə doktoru Qeorqi Masalqini Ermənistanın işğalçılıq siyasəti, 30 ilə yaxın işğal altında saxladıqları ərazilərimizdə vandalizm aktları barədə danışıb, torpaqları azad etməyin Azərbaycanın haqqı olduğunu vurğulayıb.
Fəlsəfə elmləri doktoru, Batumi Dövlət Universitetinin lektoru Nuqzar Çxaidze ermənilərin dünyada və regionda pozuculuq fəaliyyətindən danışıb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin və Batumidəki baş konsulluğunun təşkilatçılığı ilə Dağlıq Qarabağda səfərdə olan “AdjaratTv.12”-nin reportyoru Vaxtanq Qudrasadze işğaldan azad edilmiş ərazilərdə gördükləri barədə məlumat verib.
Verilişdə iştirak edən AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov aparıcı Cemal Meqrelidzenin Laçın dəhlizinin əhəmiyyəti, Azərbaycanın Laçın ilə bağlı layihələri, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmaları ilə bağlı suallarını cavablandırıb. Bildirib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə güclü quruculuq, abadlıq işləri həyata keçirir. Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra Zəngilan Beynəlxalq Hava Limanının açılışı, yeni yolların çəkilişi bölgənin iqtisadi inkişafı üçün geniş imkanlar yaradır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə bütövlükdə Qafqaz regionu üçün əhəmiyyət kəsb edir.
Veriliş boyu Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələr barədə məlumatlar verilib.
Verilişdə ermənilərin tərk etdikləri evləri necə yandırmaqlarını əks etdirən kadrlar da ictimaiyyətə təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi