REGİONLAR
“Azərtütün” ASC-nin emal məntəqələri indiyədək fermerlərdən 7 min tondan çox yaş tütün qəbul edib
Zaqatala, 19 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
“Azərtütün” ASC ilə müqaviləsi olan respublikanın şimal-qərb rayonlarının tütünçülük təsərrüfatlarında yaş tütün yarpağının yığımı davam edir. Mövsümün əvvəlindən indiyədək cəmiyyətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 7 min 242 ton yaş tütün daxil olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Səhmdar Cəmiyyətdən məlumat verilib.
Bildirilib ki, builki mövsümdə cəmiyyət tərəfindən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 662,1 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Bunun 218,3 hektarı şirkətə, 443,8 hektarı isə fermerlərə məxsus sahələrdir. Tütün istehsalı ilə əlaqədar 57 fermerlə müqavilə bağlanıb.
Bu günədək emal məntəqələri Şəki rayonu üzrə istehsalçılardan 4376,1 ton, Qax rayonu üzrə 1223 ton, Zaqatala rayonu üzrə 720,1 ton, Balakən rayonu üzrə 535,2 ton, Oğuz rayonu üzrə isə 387,4 ton yaş tütün kütləsi qəbul edib. Eyni zamanda, indiyədək emal məntəqələrində yaş tütündən 810,5 ton quru tütün istehsal olunaraq anbarlara yığılıb.
Hazırda bu rayonlardakı tütün istehsalı və emalı məntəqələrində, ümumilikdə, 262 tütünqurutma kamerası var.