İQTİSADİYYAT
“Azneft” İB-də əmək şəraitinin təhlükəsizlik normalarına uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir
Bakı, 2 yanvar (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyində (İB) istehsalat sahələrində əməyin mühafizəsi, texniki təhlükəsizlik tələblərinə əməl olunması, işçilərin istehsalat normalarına uyğun sanitar məişət otaqları, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunması məsələləri daim diqqət mərkəzindədir.
ARDNŞ-dən AZƏRTAC-a bildirmişlər ki, İB üzrə təsdiq edilmiş qarşılıqlı təlimatlandırma cədvəllərinə uyğun olaraq struktur bölmələrinin baş mühəndisləri və əməyin mühafizəsi, təhlükəsizlik texnikası üzrə baş mühəndisin müavinləri tərəfindən ayrı-ayrı müəssisələrdə texniki təhlükəsizlik qaydalarına uyğun mövzular üzrə mütəmadi olaraq təlimatlandırma və maarifləndirmə işləri aparılır. Hazırda “28 May”, “Neft daşları”, “Siyəzənneft”, “Bibiheybətneft”, “Abşeronneft”, Ə.Əmirov, N.Nərimanov və Z.Tağıyev adına neftqazçıxarma idarələrində, Muradxanlı və Qaraçuxur iriləşdirilmiş neft mədənlərində, nəqliyyat departamentində, Qobustan nəqliyyat idarəsində və Bibiheybət ixtisaslaşdırılmış xüsusi texnika idarəsində işçilərin bilik səviyyəsinin artırılması istiqamətində xüsusi tədbirlər görülür, treninq və seminarlar keçirilir. “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemi” və “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları”nın mükəmməl öyrənilməsinə, daxili əmək intizamı və istehsalat sanitariyası qaydaları haqqında maarifləndirici tədbirlərə üstünlük verilir.
Təlimlər zamanı texniki detallar əyani vəsaitlərlə nümayiş etdirilir, neft-qaz sənayesində təhlükəsizlik və davranış qaydaları təbliğ olunur, əməkdaşların müvafiq istehsalat vərdişlərinə yiyələnmələri üçün müasir texnologiyalardan istifadə edilir.