ELM VƏ TƏHSİL
“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin baş mütəxəssisi Tbilisidə layihə iclaslarında iştirak edib

Bakı, 21 oktyabr, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin baş mütəxəssisi Könül Əliyeva Tbilisidə Xidmət portfellərinin idarə edilməsi üzrə xüsusi maraq qrupunun (SIG-MSP) və “EapConnect”in layihə iclaslarında iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirə Şərq Tərəfdaşlığı ölkələrindən nümayəndələr və xüsusi maraq qrupuna daxil olan şəxslər dəvət ediliblər.
İclasda İrina Metyu rəhbərlik etdiyi “EapConnect” layihəsi çərçivəsində görülən işlər haqqında məlumat verib. O, Şərq Tərəfdaşlığı ölkələrinin tədqiqat və təhsil şəbəkələrinin ümumi istifadəçiləri və onların istifadə etdiyi xidmətlər haqqında statistikanı tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonra milli tədqiqat və təhsil şəbəkələrinin davamlılığı, onların öz ölkələrində mövqeyinin gücləndirilməsi və bu istiqamətdə atılan addımlarla bağlı müzakirələr aparılıb.
Bildirilib ki, hər bir tədqiqat və təhsil şəbəkəsinin hədəf və perspektivləri fərqlidir. Milli tədqiqat və təhsil şəbəkələrinin öz strategiyalarını inkişaf etdirməsi üçün ayrıca modelin olması, istifadəçilərin maraqlarının nəzərə alınması zəruridir. Bundan əlavə, həmin şəbəkələr Avropanın daha təcrübəli tədqiqat və təhsil şəbəkələri ilə əlaqələri genişləndirməklə, milli və beynəlxalq səviyyədə əməkdaşlıq etməklə inkişafa nail ola bilərlər.
Müzakirələr zamanı, həmçinin xidmət portfelinin genişləndirilməsi və marketinq materiallarının inkişaf etdirilməsinin vacibliyindən bəhs olunub.