İQTİSADİYYAT
AzTEST yeni avadanlıqlar almışdır
Bakı, 22 dekabr (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) maddi-texniki bazasının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirməkdədir.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, son iki ayda AzTEST bir neçə sahədə tətbiq olunan ölçmə cihazlarının kalibrlənməsi və müqayisəli dövlət yoxlanışının keçirilməsi məqsədilə yeni işçi etalonlar və sınaq avadanlığı almışdır. Ümumilikdə AzTEST-in nəzdində yeyinti və qeyri-ərzaq məhsullarının bütün göstəricilərinin sınağı üzrə 2 funksional laboratoriya və kalibrləmə laboratoriyaları fəaliyyət göstərməkdədir.
Qanunvericiliyin tələblərinə əsasən bütün sahələrdə istifadə olunan ölçmə vasitələri ildə bir dəfədən az olmayaraq müqayisəli dövlət yoxlanışından keçməli, cihaz göstəricilərinin dəqiqliyini sübut edən sənədlərlə təmin olunduqdan sonra sənaye və məişətdə tətbiq olunmalıdır. Sınaq nəticələrinə əsasən mal və məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri müəyyənləşdirilməli və normativ sənədlərin tələblərinə uyğun gəldikdən sonra sertifikatlaşdırılmalıdır.