BABƏKDƏ YENİ TARİX-DİYARŞÜNASLIQ MUZEYİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıdov yeni muzey binasının istifadəyə verilməsi münasibətilə rayon əhalisini, ictimaiyyətin nümayəndələrini, muzeyin kollektivini təbrik etmiş və qırmızı lenti kəsmişdir.
Mərasim iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olmuşlar. Muzey ayrı-ayrı bölmələrdən ibarətdir. Prezident Heydər Əliyevin müxtəlif illərdə Babək rayonuna səfərini əks etdirən guşədə nadir foto-şəkillər toplanmış, kitablar, mətbuat nümunələri qoyulmuşdur.
Muzeydə müasir həyatımızla yanaşı rayonun qədim tarixini əks etdirən 3500-dən çox eksponat vardır. Babək rayonu Azərbaycanın, o cümlədən Naxçıvanın tarixi abidələrlə zəngin ən qədim guşələrindən biridir. Bu rayonun ərazisində yerləşən I Kültəpə, II Kültəpə, Qızılburun, Çalxanqala, Vayxır, Çovurqala kimi abidələr yalnız Azərbaycanın tarixinin öyrənilməsi üçün deyil, həmçinin Cənubi Qafqaz və Yaxın Şərq tarixi-mədəni proseslərinin öyrənilməsi üçün əhəmiyyətə malikdir.
Muzeydə tunc dövrünə aid daş alətlər, II Kültəpə qazıntılarından tapılmış məişət əşyaları, orta əsrlərə aid tikinti və məişət keramikası, milli geyimlər, xalçaçılıq məmulatları, tikmələr, misgərlik məmulatları, gümuş bəzək əşyaları və digər eksponatlar tariximizin dərin qatlarına işıq tutur, həmin dövrlərin öyrənilməsində mühüm tarixi faktlar kimi diqqəti cəlb edirlər.