Badamdar qəsəbəsindəki “N” saylı hərbi hissədə Novruz şənliyi təşkil edilmişdir
Bakı, 22 mart (AZƏRTAC). Səbail rayonunun Badamdar qəsəbədəki “N” saylı hərbi hissədə Novruz şənliyi keçirilmişdir.
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Qəsəbə icra nümayəndəliyi və qəsəbə bələdiyyəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə ərazidə yerləşən iki hərbi hissənin şəxsi heyəti iştirak etmişdir.
Novruz bayramı münasibətilə şəxsi heyəti və qonaqları təbrik edən “N” saylı hərbi hissənin komandiri, polkovnik Feyruz Əzizov dövlət başçısı tərəfindən ordu quruculuğu istiqamətində aparılan işlərdən söz açmışdır.
Tədbirdə çıxış edən digər natiqlər Novruz bayramı münasibətilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərini yerinə yetirilmələrində müvəffəqiyyətlər arzulamışlar.
Hərbi hissənin şəxsi heyətini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağıran çıxışçılar ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün torpaqlarımızın tezliklə düşməndən azad olunacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əminliklərini ifadə etmişlər.
Şənlik bayram tonqalı ətrafında davam etmişdir.
Tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilmiş, tədbirdə iştirak edən əsgərlərimizə bayram sovqatları təqdim olunmuşdur.
Hərbi hissə komandanlığı tərəfindən Səbail Rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə fəxri fərmanlar təqdim edilmişdir.
Sonda əsgərlər üçün bayram süfrəsi açılmışdır.