BAEA: İranda nüvə başlıqlarının hazırlanmasına dair inandırıcı göstəricilər yoxdur
Vyana, 2 may, AZƏRTAC
Son günlərdə İranın nüvə proqramının dinc məqsədlər üçün deyil, nüvə başlıqlarının istehsalı üçün inkişaf etdirilməsinə dair iddialar səsləndirilməkdədir. Müxtəlif ölkələrin ən yüksək kürsülərindən səsləndirilən bu fikirlərlə bağlı mərkəzi qərargahı Vyanada yerləşən Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) açıqlama verib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq təşkilatın rəsmi saytında yerləşdirilən bəyanatda BAEA-nın Baş direktoru Yukiya Amano tərəfindən 2015-ci ilin dekabrında İranın nüvə proqramına dair bütün açıq suallara aydınlıq gətirilən Yekun Dəyərləndirməni təşkilatın idarə heyətinə təqdim edib. Həmin hesabatda da İranın 2009-cu ildən sonra nüvə başlıqlarının hazırlanmasına uyğun gələn fəaliyyətlərin həyata keçirilməsinə dair inandırıcı heç bir göstəricinin olmaması qeyd edilib.
Qeyd edək ki, 2015-ci ilin iyul ayında İranla “altılıq” ölkələri (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) arasında bağlanmış sazişə əsasən bu ölkə öz nüvə proqramını ciddi şəkildə məhdudlaşdırmaq öhdəliyi götürüb. Əvəzində isə bu ölkəyə qarşı beynəlxalq sanksiyaların tədricən aradan qaldırılması nəzərdə tutulur. Sazişin icrasına nəzarəti BAEA həyata keçirir. Lakin Tramp administrasiyası İranla əldə edilmiş sazişi pozmaq istiqamətində ciddi addımlar atır, Avropa İttifaqı, xüsusilə də Fransa və Almaniya sazişin qüvvədə qalmasında israrlıdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana