Baharın gəlişi münasibətilə Qarabağ bölgəsində el şənlikləri keçirilir
Ağdam, 19 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı münasibətilə Qarabağ bölgəsində müxtəlif el şənlikləri keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ağdamlılar Novruzun gəlişini Quzanlı qəsəbəsinin mərkəzi meydanında qeyd ediblər. Bayram şənliyində məktəblilərin əl işləri, müxtəlif oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, rayonun tarixini özündə əks etdirən eksponatlar nümayiş olunub. Minlərlə ağdamlının iştirak etdiyi tədbirdə tonqal qalanıb, Dədə Qorqud və Bahar qızın, pəhləvanların, gənc idmançıların və hərbçilərin çıxışları maraqla qarşılanıb.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən şəxslərə fəxri fərman və hədiyyələr təqdim olunub. Bayram tədbiri Novruzun əsas personajları olan Kosa və Keçəlin məzhəkəli oyunları, rayonun “Şur” ansamblının, Ağdam Dövlət Dram Teatrının, məktəblilərin və bədii özfəaliyyət kollektivlərinin ifasında rəngarəng ədəbi-bədii musiqili proqramlarla davam edib.
X X X
Baharın gəlişi qədim Nüşabə yurdu olan Bərdədə böyük sevinc hissi ilə qeyd olunub. Bərdə şəhərində bayramsayağı bəzədilmiş park-bulvarda xonçalar və səmənilər düzülüb, rayonun ümumtəhsil və musiqi məktəblərinin kollektivlərinin hazırladıqları sərgilər, Novruz adətləri, xalq tətbiqi sənəti nümunələri, milli xörəklər, şirniyyatlar nümayiş etdirilib. Tonqallar qalanıb, gənclər dirədöymə oynayıb, uşaqlar yumurta döyüşdürüblər.
Minlərlə sakinin iştirak etdiyi tədbirdə çıxış edənlər bərdəliləri bayram münasibətilə təbrik edib, onlara xoşbəxtlik və süfrələrinə bol ruzi-bərəkət arzulayıblar.
Kosa və Keçəlin zarafatları və rəngarəng konsert proqramı tədbir iştirakçılarına yüksək əhval-ruhiyyə bəxş edib.
X X X
Ağcabədi şəhərinin mərkəzi stadionunda təşkil olunan Novruz şənliyi əsl el bayramına çevrilib. Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov ağcabədililəri bayram münasibətilə təbrik edib, bol ruzi-bərəkət və firavanlıq arzulayıb.
Bayram tədbirində rəsm, əl işləri və gül müsabiqələri keçirilib. Təqdim olunan rəngarəng konsert proqramı tamaşaçılarda xoş ovqat yaradıb. Tonqallar alovlandırılıb, milli adət-ənənələrimiz, folklorumuz nümayiş etdirilib.
Faytonla meydana daxil olan Bahar qız və Dədə Qorqud mərasim iştirakçılarını Novruzun gəlişi münasibətilə təbrik edib. Kosanın və Keçəlin məzhəkəli oyunları, gənc idmançıların və kəndirbazın çıxışları maraqla qarşılanıb.