“Bakı-2015” idmanın 11 növü üzrə “Rio-2016” Olimpiadasına təsnifat imkanı təqdim edəcək
“Bakı-2015” ilk Avropa Oyunlarında idmanın 11 növü üzrə Rio-de-Janeyro Olimpiadasına təsnifat imkanı təqdim olunacaq. Lisenziyaların verilməsi yarışlara birbaşa vəsiqə qazanmaq, mərhələli və reytinq xalları üzrə mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, bunu “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari və əməliyyat komitəsinin idman şöbəsinin direktoru Pirs Okallahan oktyabrın 21-də mətbuat konfransında deyiblər.
Diqqətə çatdırılıb ki, Oyunlarda 6 mindən çox idmançı 16-sı Olimpiya, 4-ü qeyri-Olimpiya olmaqla idmanın 20 növü üzrə mübarizə aparacaq. Azərbaycan idmançıları bütün növlər üzrə yarışlarda birbaşa təmsil olunacaqlar. Qeyri-Olimpiya növlərinə sambo, karate, çimərlik futbolu və hər komandada üç nəfərin oynadığı basketbol daxildir. On yeddi gün ərzində 18 idman obyektində keçiriləcək Oyunlarda 253 medal sahibini tapacaq.
Qeyd olunub ki, 2016-cı ildə Rio-de-Janeyro keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazandıracaq idman növlərinə oxatma, yüngül atletika, voleybol və çimərlik voleybolu, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş daxildir.
Lisenziyalar oxatma, velosiped idmanı, taekvondo, voleybol və çimərlik voleybolu üzrə mərhələli, atıcılıq, stolüstü tennis, triatlon üzrə birbaşa, yüngül atletika və üzgüçülük üzrə isə beynəlxalq federasiyanın təsnifat standartları əsasında veriləcək. “Bakı-2015” Avropa Oyunlarına qatılacaq milli komandalar boks və güləş idmanı növlərində “Rio-de-Janeyro-2016” Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına vəsiqə qazanmaq uğrunda yarışacaqlar.
Qeyd edək ki, güləş üzrə lisenziya xarakterli dünya çempionatı gələn ilin sentyabrında Las-Veqasda (ABŞ), boks üzrə mundial isə 2015-ci ilin oktyabrında Qətərdə keçiriləcək.