Bakı Ali Neft Məktəbində Novruz şənliyi
Bakı, 19 mart, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Novruz bayramına həsr olunan tədbir keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə bu ali məktəbin rektoru Elmar Qasımov tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, hər birinə sağlamlıq və xoş günlər arzulayıb. O, Novruzun tarixindən, milli və tarixi motivlərin bu bayramda yer alması və təmsil olunmasından, əsrlərboyu qorunub saxlanan adət-ənənələrdən danışıb. “Novruz tariximizi, adət ənənələrimizi və birgə dəyərlərimizi gələcək nəsillərə ötürə bilmək üçün ən gözəl vasitədir”, - deyə E.Qasımov bildirib.
Sonra Novruzun əsas personajları - Bahar qız, Keçəl və Kosa maraqlı çıxışları ilə iştirakçılarda xoş əhval ruhiyyə yaradıblar.
Daha sonra tələbələr bayramla bağlı musiqi kompozisiyası ilə çıxış edib, nəğmələr oxuyublar.
Sonda BANM-in kampusunun həyətində böyük Novruz tonqalı yandırılıb. Tələbələr tonqalın ətrafinda yallı gedərək rəqs ediblər.