İQTİSADİYYAT
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalının bu ilin ortalarında yeni limana köçürülməsinə başlanacaqdır
Bakı, 29 yanvar (AZƏRTAC). Nəqliyyat Nazirliyi 2014-cü il iyunun sonunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalının Ələt qəsəbəsindəki yeni limana köçürülməsi prosesinə başlamağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat vermişdir. Nazir müavini bildirmişdir ki, bərə terminalının tikinti işləri sürətlə davam edir. Əgər işlər planda nəzərdə tutulan qaydada getsə, bərə terminalının paytaxtın mərkəzindən tezliklə çıxarılması üçün imkan yaranacaqdır.
M.Pənahov qeyd etmişdir ki, eyni zamanda, konteyner və quru yük terminalının yaradılması istiqamətində də fəal iş aparılır. Perspektivdə şərqdən konteyner yüklərinin daşınmasını təmin etmək məqsədi ilə müasir tələblərə uyğun konteyner terminalının yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, yeni beynəlxalq limanının tikintisi 2010-cu ilin noyabrında başlanmışdır. Liman ildə 11,6 milyon ton yük qəbul edə biləcəkdir.
Müasir liman infrastrukturunun yaradılması Bakı-Tbilisi-Qars dəmir yolu üzrə yüklərin daşınmasını təmin etmək baxımından vacibdir.