Bakı “Boston Consulting Group”un ən sürətlə dəyişən şəhərlər reytinqində ilk 20-likdə yer alıb VİDEO
Bakı, 21 may, AZƏRTAC
Azərbaycanın paytaxtı Bakı “Boston Consulting Group”un (BCG) “2014–2024-cü illərdə ən sürətlə dəyişən 20 şəhər” reytinqində ilk 20 şəhər sırasında yer alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə BCG-nin şəhərlər və regionlar üzrə departamentinin direktor müavini Yekaterina Şapoçka BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo” sərgisindəki Azərbaycan pavilyonunda keçirilən qlobal şəhərlər reytinqinin yeni nəşrinin təqdimatı zamanı deyib.
Yekaterina Şapoçka bildirib ki, reytinqdə şəhərlər göstəricilər baxımından sürətlə irəliləyib.
“Dəyişimin sürəti üzrə xüsusilə Çin şəhərləri ilə Xəzər regionunun şəhərləri arasında ciddi rəqabət formalaşır. Bu şəhərlər inkişaf tempinə görə bir-biri ilə yarışır. Biz müxtəlif şəhərlərin dəyişim sürəti baxımından fərqli istiqamətlərdə necə irəlilədiyini müşahidə edirik. Bəziləri innovasiya, infrastruktur və urban transformasiya sahələrində xüsusilə güclü nəticələr göstərir. Məsələn, ümumi dəyişimin sürəti göstəricisinə görə Bakı dördüncü kvintildə yer alır. Bu da şəhərin kifayət qədər yaxşı nəticələr göstərdiyini ortaya qoyur. Xüsusilə yaşayış keyfiyyəti göstəricisi üzrə Bakı demək olar ki, ən yüksək kvintilə yaxındır. Bu isə şəhərin son illərdə keçirdiyi transformasiyanın və inkişafın aydın göstəricisidir”, - deyə o qeyd edib.
Qeyd olunub ki, reytinqdə şəhərlərin ümumi ölçü göstəricisi, iqtisadi imkanlarda dəyişim sürəti, sosial kapital üzrə transformasiya sürəti, hökumətlə əlaqələrdə dəyişim sürətinə diqqət yetirilib. Sıralamada ilk üçlükdə Şençjen (Çin), Ər-Riyad (Səudiyyə Ərəbistanı) və Daşkənd (Özbəkistan) qərarlaşıb. Bakı isə 20-ci sırada qərarlaşıb.