Bakı Bulvarının məşhur “Paraşut qülləsi” müasir görkəm alacaqdır
Bakı, 8 fevral (AZƏRTAC). Bakı Bulvarında 1936-cı ildən fəaliyyət göstərən məşhur “Paraşut qülləsi”ndə təmir-bərpa işləri aparılır.
Bu barədə AZƏRTAC-a Dənizkənarı Milli Bulvar İdarəsi rəisinin müavini Nazim Məcidov bildirmişdir. Qeyd etmişdir ki, 1960-cı illərdə qüllə təyinatı üzrə fəaliyyətini dayandırsa da, bulvarın yadigarı kimi qalmış, indi isə havanın temperaturunu və küləyin sürətini göstərir.
Hazırda təmirə bağlanmış qüllənin bütün ölçüləri və parametrləri qorunub saxlanılır, davamlılığının artırılması üçün möhkəmləndirilir. Bundan əlavə, qüllənin saatı və havanı göstərən tablosu yeniləşdiriləcək və ən müasir şəkildə bərpa olunacaqdır.
Burada işlərin sürətlə getdiyini deyən N.Məcidov qüllənin martın axırı, aprelin ortalarınadək istifadəyə veriləcəyini söyləmişdir.