İQTİSADİYYAT
Bakı Dövlət Layihə İnstitutu tərəfindən paytaxtın mərkəzi hissəsinin bir sıra məhəllələrinin müfəssəl planlaşdırma layihəsi hazırlanır
Bakı, 20 oktyabr (AZƏRTAC). Böyük Bakının Regional İnkişaf Planı daha çox konseptual xarakter daşıyan bir sənəddir. Təbii ki, onun əsasında şəhərin baş planı hazırlanacaqdır.
Bu sözləri “BakuBuild” 16-cı Azərbaycan Beynəlxalq inşaat sərgisi ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirmişdir.
Bakı Dövlət Layihə İnstitutu tərəfindən paytaxtın mərkəzi hissəsinin bir sıra məhəllələrinin müfəssəl planlaşdırma layihəsi hazırlanır. Şəhərin beşmərtəbəli binalar yerləşən mərkəzi hissəsinin və keçmiş “Sovetski” adlanan ərazinin planlaşdırma layihəsi bu ilin sonunda hazır olacaqdır. Bu zaman hər bir binanın tarixi, onun memarlıq cəhətdən görkəmi, eyni zamanda, yaşayış və istifadə üçün imkanları qiymətləndiriləcəkdir. Ərazinin tamamilə sökülüb yenidən qurulması layihəsi yoxdur. Yalnız Heydər Əliyev Sarayının arxasından Füzuli meydanınadək olan ərazinin təmizlənməsi layihəsi var və bura yaxın zamanlarda şəhərimizin yaraşıqlı xiyabanlarından birinə çevriləcəkdir.