BAKI DÖVLƏT UNİVERSİTETİNİN YENİ TƏDRİS KORPUSU MÜASİR AVADANLIQLA TƏCHİZ EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, mayın 21-də Bakı Dövlət Universitetinin (BDU) Böyük Elmi Şurasının növbədənkənar iclası keçirilmişdir.
İclas Prezident İlham Əliyevin cari ilin mayın 20-də imzaladığı “Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamın müzakirəsinə həsr edilmişdir.
BDU-nun rektoru, akademik, Milli Məclisin deputatı Abel Məhərrəmov bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyev daim Azərbaycan təhsilinə və elm adamlarına böyük diqqət və qayğı ilə yanaşmışdır. Ulu öndərin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı BDU-nun yeni tədris korpusunun tikintisi, tədrisin keyfiyyətinin yüksəldilməsi və universitetin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncam ali təhsil ocağının bütün kollektivini sevindirmişdir.
A.Məhərrəmov demişdir ki, BDU-nun yaradılmasının 90 illik yubileyi ərəfəsində yeni tədris korpusunun tikintisinin başa çatdırılması və maddi-texniki avadanlıqla təmin olunması üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan 4,6 milyon manat məbləğində vəsait ayrılmışdır. Bu, elmə və təhsilə göstərilən böyük qayğının bariz nümunəsidir. Biz gərək ölkə başçısının ehtimadını doğruldaq və sentyabrın 15-dək bu 12 mərtəbəli binanı istifadəyə verək.
Rektor bildirmişdir ki, təqribən 4 fakültənin yeni tədris korpusunda yerləşdirilməsini planlaşdırmışıq. Burada tələbələrin yüksək səviyyədə təhsil almaları üçün bütün muasir avadanlıqlar quraşdırılacaqdır.
Rektor vurğulamışdır ki, cari ildə BDU-ya ümumilikdə 7,6 milyon manat vəsait ayrılmışdır.
Tədbirdə çıxış edən akademiklər Fuad Qasımzadə, Vasim Məmmədəliyev, professor Abuzər Xələfov və digər natiqlər ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin elmə, təhsilə göstərdiyi böyük qayğıdan danışmış və BDU-nun yeni tədris korpusunun tikintisinin başa çatdırılması üçün dövlət başçısının imzaladığı müvafiq Sərəncamı yüksək qiymətləndirmişlər.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.