İQTİSADİYYAT
Bakı Enerji Həftəsində iştirak edən Rusiya şirkəti Sumqayıt Sənaye Parkı ilə əməkdaşlıq etmək niyyətindədir

Bakı, 5 iyun, AZƏRTAC
“Forenergo” ASC Rusiyanın elektrik enerjisinin nəqli üçün avadanlıqlar istehsal edən iri şirkətidir. Şirkət 25 ildir ki, fəaliyyət göstərir və dünyanın müxtəlif ölkələrinə ildə təxminən 150 milyon dollar həcmində məhsul ixrac edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgisində iştirak edən “Forenergo” ASC-nin MDB ölkələrində satış və əlaqələr üzrə direktor müavini Dmitriy Nikolayeviç deyib.
O bildirib ki, bugünkü sərgidə istehsal etdikləri məhsulları nümayiş etdirirlər və Azərbaycandakı şirkətlərlə yeni əlaqələr qurmağa çalışırlar.
“Yeni əlaqələr ona görə dedim ki, bizim artıq Azərbaycanda fəaliyyət göstərən “Azərenerji” və “Azərişıq” şirkətləri ilə əməkdaşlığımız mövcuddur. Azərbaycanın bu 2 şirkətini ildə 1 milyon dollar dəyərində müxtəlif tipli izolyatorlarla təmin edirik. Güman edirəm ki, əməkdaşlığımız uzun illər davam edəcək. Bu şirkətlər Azərbaycanda enerji nəqli sahəsində böyük işlər görürlər. İşğaldan azad edilən Qarabağdakı şəhər və kəndlərdə enerji xətlərinin çəkilməsini həyata keçirirlər və buna görə də sifarişləri hər ötən gün artır”, - deyən D.Nikolayeviç qeyd edib.
ASC-nin Rusiyanın Yujno-Uralsk, Çkalovsk və Lisva şəhərlərində 5 istehsal müəssisəsi var. Bu müəssisələrdə elektrik enerjisinin nəqlində istifadə olunan dirəklər üçün dayaq izolyatoru, şüşə izolyator, naqillər üçün izolyatorlar istehsal olunur: “Məhsullarımız MDB ölkələri ilə yanaşı, Cənubi Amerika dövlətlərinə, Ərəb ölkələrinə, Asiyaya ixrac olunur. Məhsullarımız beynəlxalq standartlara uyğun, yeni texnologiyaların tətbiqi ilə, keyfiyyətli hazırlandığı üçün müştərilərimiz tərəfindən rəğbətlə qarşılanır. Azərbaycana ixrac etdiyimiz məhsullarla bağlı şikayət eşitməmişik. Keyfiyyətli məhsul istehsalı satışın yüksək səviyyədə olmasını şərtləndirir. Sumqayıt Kimya Sənaye Parkı ilə tanış olmaq və əlaqələr qurmaq niyyətindəyik. Bu park ilə əməkdaşlıq edərək yeni birgə istehsal müəssisəsi açmaq olar”.