BAKI FOND BİRJASINDA HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 23-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin qeydiyyatından keçmiş, ümumi məbləği 3 milyon manat, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti 91 gün olan qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Dörd sərmayədarın təqdim etdiyi sifarişin nominal məbləği 5 milyon 663 min manatdır. Sifarişlər 97,45 faiz (gəlirlilik dərəcəsi 10,50 faiz) və 97,57 faiz (gəlirlilik dərəcəsi 9,99 faiz) qiymətdə təqdim edilmişdir.
İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti və orta ölçülmüş qiymət 97,57 faiz (gəlirlilik dərəcəsi 9,99 faiz) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış dəyəri 85 min manat qeyri-rəqabətli sifarişlər daxil olmaqla 3 milyon manat müəyyənləşdirilmişdir.
İstiqraz vərəqələri 2008-ci il yanvarın 22-də ödəniləcəkdir.
İstiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nin depozitarisində aparılır.