SİYASƏT
Bakı Forumunda Avrasiyada yeni enerji və nəqliyyat dəhlizlərinin rolu mövzusunda panel iclası keçirilib












Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da X Qlobal Bakı Forumu çərçivəsində “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” mövzusunda panel iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
Gürcüstanın Baş nazirinin sabiq müavini xanım Eka Tkeşelaşvilinin moderatorluq etdiyi iclasda Bolqarıstanın sabiq xarici işlər naziri xanım Ekaterina Zaharieva Rusiya-Ukrayna müharibəsinin Avropanın enerji təchizatında ciddi problemlər yaratdığını vurğulayıb. Bildirib ki, bu gərginliyi aradan qaldırmaq üçün xeyli vaxt lazımdır. Avropanın enerji təhlükəsizliyini təmin etməli olduğunu bildirən E.Zaharieva hazırda ölkəsinin qaz təchizatında Azərbaycanın mühüm yer tutduğunu qeyd edərək deyib: “Azərbaycan bu prosesdə əvəzsiz rol oynadı. Azərbaycan təkcə Bolqarıstan üçün deyil, eyni zamanda, Avropa üçün təhlükəsiz və etibarlı tərəfdaşdır. Biz energetika sahəsində Azərbaycanı nümunə götürməliyik. Azərbaycan əməkdaşlıq üçün etibarlı ölkələrdən biridir”.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov panel iclasda çıxış edərək ölkəmizin Avrasiyada müasir geosiyasi tələblərə uyğun yeni dəhlizlərin yaradılmasındakı rolundan və bu xüsusda Prezident İlham Əliyevin qitələrarası inteqrasiyanı daha da genişləndirəcək yeni təşəbbüslərindən və Forumun açılışında bir daha bəyan edilən strateji baxışlarından danışıb. Nazir bildirib ki, təhlükəsiz enerji təchizatına ehtiyac və etibarlı tərəfdaş kimi ölkəmizə artan maraq Azərbaycanın enerji infrastrukturu və enerji dəhlizlərini şaxələndirməsini təşviq edir. Cənub Qaz Dəhlizinin 2027-ci ilədək genişləndirilməsi ilə yanaşı, Xəzər dənizini Avropa ilə birləşdirən “yaşıl enerji” dəhlizinin yaradılması gündəmdədir. Bütün bunlar, eləcə də enerji resurslarının nəqli ilə bağlı digər perspektivlər ölkəmizin şaxələndirilmiş enerji təchizatında və tərəfdaşlarımızın enerji təhlükəsizliyində strateji rolunu daha da gücləndirəcək.
Nazir Pərviz Şahbazov Qarabağ da daxil olmaqla ölkəmizdə bərpa olunan enerjinin istehsalı və ötürülməsi, Azərbaycandan elektrik enerjisinin Gürcüstan, Rumıniya, Macarıstan və digər ölkələrə nəqli, Xəzər regionunda əməkdaşlığın dərinləşdirilməsi məsələləri ilə bağlı da fikirlərini bölüşüb.
“Fortescue Metals” və “Fortescue Future Industries” şirkətlərinin Direktorlar Şurasının sədri xanım Cin Baderşnayder qeyd edib ki, Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, enerji təhlükəsizliyinə böyük töhfələr verir. C.Baderşnayder ölkəmizin bu sahədə böyük imkanlarının, o cümlədən ixrac üçün kifayət qədər potensialının olduğunu vurğulayaraq deyib: “Azərbaycan enerji təhlükəsizliyi sahəsində böyük uğurlar əldə edir və Avropada xüsusi hörmətə malikdir. Bu ölkədə külək enerjisi əldə edilir, hətta termal stansiyalar var. Azərbaycanın enerji sahəsində uğurlarının daha çox olacağına inanıram. Azərbaycan investisiya üçün əlverişli ölkələrdən biridir”.
Rumıniya Baş nazirinin sabiq müavini xanım Ana Birçal Azərbaycanın enerji sahəsində mühüm rolundan söz açaraq, bu uğurların Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində qazanıldığını deyib. Azərbaycan ilə Rumıniya arasında sıx əlaqələrin olduğunu vurğulayan Ana Birçal bildirib: “Azərbaycanın enerji dəstəyi olmasaydı, Rumıniya üçün bu qış mövsümü çox çətin keçərdi. Dəstəyə və köməyə görə Azərbaycana minnətdaram. Azərbaycanın bu dəstəyi ümumiyyətlə bölgə üçün çox önəmlidir”.
Şuşa şəhərinə səfər etdiyini, orada genişmiqyaslı quruculuq və bərpa işlərinin şahidi olduğunu diqqətə çatdıran rumıniyalı qonaq qeyd edib: “Orada “yaşıl enerji”dən istifadə ediləcəyini öyrəndim. Bir çox ölkənin Azərbaycandan örnək alacağı sahələr var. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da veriləcək dəstək bizim üçün çox vacibdir”.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında ölkəmizin mühüm nəqliyyat qovşağına çevrildiyini bildirib. Azərbaycanda nəqliyyat infrastrukturunun, xüsusilə dəmir yolu şəbəkəsinin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayan nazir ölkəmizin Gürcüstan və Qazaxıstan ilə bu sahədə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. “İnanırıq ki, Zəngəzur dəhlizinin açılması ilə imkanlarımız daha da genişlənəcək. Bu, avropalı tərəfdaşlarımız üçün də sərfəli olacaq. Bundan təkcə bizim ölkəmiz deyil, bütövlükdə region dövlətləri faydalanacaq. Statistik rəqəmlərə baxsaq, tranzit yollarına tələbatın artdığını görürük və bu göstərici on il ərzində iki dəfə artacaq. Biz artan tələbata cavab vermək üçün tərəfdaşlarımızla birlikdə çox səmərəli şəkildə işləyirik”, - deyə Rəşad Nəbiyev qeyd edib.
Tacikistanın nəqliyyat naziri Azim İbrohim ölkəsinin son dövrdə beynəlxalq əlaqələrini sürətlə inkişaf etdirdiyini vurğulayaraq bildirib: “Tacikistan ikitərəfli münasibətlərdən faydalanmaqdadır. İqtisadi əlaqələrin inkişafı üçün nəqliyyat sahəsi vacib rol oynayır. Hazırda ən vacib məsələlərdən biri də sənayedə ətraf mühitə dost olan nəqliyyat növlərinin inkişafıdır. Tacikistanda enerji layihələrindən istifadə sürətlə genişləndirilir və bu məsələyə hökumət tərəfindən ciddi nəzarət edilir”.
Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev çıxışında ikitərəfli və beynəlxalq səviyyədə əməkdaşlığın önəminə toxunaraq deyib: “Qarşıdakı dövrdə Çin, Mərkəzi Asiya və Avropa arasında ticarətin daha da inkişaf edəcəyi gözlənilir. 2011-ci ildə Çindən ilk qatar Almaniyaya hərəkət etdi. Yük qatarları hazırda da Çindən Avropa istiqamətində hərəkət edirlər. Bu daşımaların 97 faizi Rusiya və Belarus ərazisindən həyata keçirilir. Ötən il pandemiya ilə əlaqədar bu tranzit yollardan istifadə bir qədər zəifləsə də, tələbat olduğu kimi qalıb”.
ATƏT-in fəaliyyətdə olan sədrinin uzun sürən münaqişələr üzrə xüsusi nümayəndəsi, Şanxay Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Bolat Nurqaliyev diqqətə çatdırıb ki, Qazaxıstanın enerji potensialında qaz xüsusi rol oynayır: “Transxəzər nəqliyyat marşrutu çox əhəmiyyətlidir. Çin, Azərbaycan və Türkiyə bu sahədə vacib ölkələrdir. Aktau liman şəhəri kimi böyük potensiala malikdir. Biz bu şəhərdə logistik terminallar, sahildə müxtəlif zavodlar inşa etmək niyyətindəyik. Eyni zamanda, ölkədə dəmir yolları şəbəkəsinin genişləndirilməsini planlaşdırırıq. Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədədir. Əməkdaşlığın bu yüksək səviyyəsi kommunikasiya sahəsini də əhatə edir”.
Ruminiyanın xarici işlər naziri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin (PERMİS) baş katibi Lazar Komanesku ölkəsinin Azərbaycan ilə iqtisadi əməkdaşlığı daha da dərinləşdirməsinə böyük önəm verdiyini vurğulayıb. Əməkdaşlığın inkişafında sağlam rəqabətin vacibliyini qeyd edən qonaq deyib: “İnkişafın təmin edilməsi üçün dövlətlər arasında ədalətli rəqabət həyata keçirilməlidir. Enerjinin nəqli sahəsində yeni layihələr hazırlanmalıdır. Azərbaycanın bu sahəyə göstərdiyi diqqət inkişafı təmin edəcək”.
Panel iclası çıxışlardan sonra müzakirələrlə davam edib.