Bakı Limanı, Avstriya və Niderland şirkətləri yük dövriyyəsini artırmaq üçün memorandum imzalayıb

Bakı, 26 noyabr, AZƏRTAC
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Avstriyanın “ÖBB Rail Cargo Group” və Niderlandın “Cabooter Group” şirkətləri ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə Avropadan Mərkəzi Asiyaya və Çinə yük daşımalarının artırılması və genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalayıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimində Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya Federal naziri Andreas Reyxard və Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov iştirak ediblər. Memoranduma əsasən, tərəflər Avropada orta dəhlizi təşviq edəcək və qitədəki mövcud yük şəbəkələri, eyni zamanda, logistika mərkəzləri arasındakı əlaqələri gücləndirəcək.
Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya Federal naziri A.Reyxard bildirib ki, imzalanan memorandum, “ÖBB Rail Cargo Group”un Mərkəzi Asiya və Çinə doğru genişlənməsinin yeni bir strateji təşəbbüsüdür. Bakı Limanı isə bu təşəbbüsün inkişafında əsas rol oynayacaq. Qısa zaman kəsiyində sözügedən marşrutun yüklərin daşınması vaxtı və həcmi baxımından çox səmərəli olacağı gözlənilir.
Bakı Limanının baş direktoru Taleh Ziyadov qeyd edib ki, yeni tərəfdaş olan Avstriyanın “ÖBB Rail Cargo Group”u ilə imzalanmış saziş qərbdən şərqə doğru Avropanın ən mühüm nəqliyyat qovşaqlarından sayılan Niderlandın Venlo şəhərindən və Almaniyadan Türkiyəyə, Azərbaycana, Mərkəzi Asiyaya və daha sonra isə Çinə qədər uzanacaq nəqliyyat dəhlizinin genişləndirilməsində mühüm mərhələdir.
Avrasiya qitəsinin mərkəzində yerləşən Bakı Limanı Avropa İttifaqı (Aİ), Orta Asiya və Çin arasında təbii körpü rolunu oynayır. Son 10 ildə Avropa İttifaqı ölkələrindən Çinə ixrac 3 dəfə artıb və bu da öz növbəsində, Çini Aİ-nin ikinci ən böyük ticarət tərəfdaşı edir, eyni zamanda, Bakı Limanı və orta dəhliz, eləcə də “ÖBB Rail Cargo Group” və “Cabooter Group” kimi Avropanın aparıcı nəqliyyat və logistika şirkətləri üçün də geniş imkanlar yaradır.
Avropada bir çox filialı, 8500 nəfər işçi qüvvəsi və illik 2,3 milyard avro dəyərində dövriyyəsi olan “ÖBB Rail Cargo Group” qitənin aparıcı dəmir yolu logistika şirkətlərindən biridir. Avropada və Asiyadan kənarda, ölkə daxilində geniş logistika şəbəkəsini idarə edir. Şirkət hər il 474 milyon sərnişin və 113 milyon ton məhsulu təyinat yerinə çatdırır.
Həmin gün Azərbaycanın Vyanadakı səfirliyində Qafqaza, Mərkəzi Asiya və Çinə doğru genişlənməyi özünə hədəf qoyan Avstriyanın qabaqcıl logistika şirkətləri ilə görüş keçirilib. Görüş zamanı Bakı Limanı da daxil olmaqla orta dəhliz boyunca logistika və paylama mərkəzlərinin daha da inkişaf etdirilməsi məsələsi ətraflı şəkildə müzakirə olunub.