Bakı məktəbliləri arasında “Breyn-rinq” intellektual oyunu keçirilib
Bakı, 19 mart, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Rəşid Behbudov adına Mahnı Teatrında Novruz bayramına həsr olunmuş paytaxt orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Breyn-rinq” intellektual oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda 22 komanda iştirak edib.
Yasamal rayonu 158 nömrəli orta məktəbin komandası qalib olub. Nəsimi rayonu 19 nömrəli orta məktəbin kollektivi yarışı ikinci, Nərimanov rayonu 57 nömrəli orta məktəbin şagirdləri isə üçüncü pillədə başa vurublar.
Mükafatçılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.
Tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha da dərindən öyrənməkdən ibarətdir.