SİYASƏT
Bakı məktəbliləri Azərbaycan və rus xalqlarının dostluq və qardaşlığına həsr olunmuş tədbir keçirmişlər
Bakı, 1 fevral (AZƏRTAC). Bakı şəhərinin Sabunçu rayonundakı 94 nömrəli məktəbdə Azərbaycan və Rusiyanın dostluğuna həsr olunmuş tədbirə çoxsaylı qonaqlar toplaşmışdılar.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Sabunçu rayonu rəhbərliyinin, Bakı Şəhər Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları, valideynlər iştirak etmişlər.
Məktəbin demək olar bütün kollektivi - böyükdən kiçiyə qədər hər kəs səhnəyə və oyun meydançalarına cəlb olunmuşdu.
Tamaşa “Dostluq və qardaşlıq ən yaxşı sərvətdir” devizi altında keçirilmişdir. Öz istedad, bilik və bacarıqlarını nümayiş etdirən gənc artistlər Azərbaycan və rus dilində şeir və mahnılar oxumuş, xalq rəqsləri təqdim etmişlər. Bu rəngarəng tamaşanı hazırlayan müəllimlər də onlarla birlikdə çıxış etmişlər.
Rusiyanın ölkəmizdəki səfiri V.Doroxin çıxış edərək belə bir maraqlı tədbir hazırladıqlarına görə məktəbin müəllim və şagirdlərinə minnətdarlığını bildirərək demişdir: “Azərbaycan və Rusiya xalqlarını çoxəsrlik dostluq bağlayır. Bu dostluq nəsildən-nəslə dəstəklənir və möhkəmlənir. Sevindirici haldır ki, siz rus dilinin dostluğumuzdakı əhəmiyyətini yaxşı başa düşür, eyni zamanda əla bilik nümayiş etdirirsiniz”.
Sonda Rusiya diplomatları məktəbin kitabxanası ilə tanış olmuş, rus dilində tədris-metodik və bədii ədəbiyyat bağışlamışlar.