İQTİSADİYYAT
Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 1,2 milyon manat güzəştli kredit verilib
Bakı, 17 sentyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sentyabrın 17-də Suraxanı rayonunda keçirdiyi işgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 1,2 milyon manat güzəştli kredit verilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu güzəştli kreditlər heyvandarlıq, bağçılıq, çörək, tara, mebel istehsalı və sair sahələrə yönəldiləcək, investisiya layihələrinin reallaşdırılması 60-dan çox iş yerinin açılmasına imkan yaradacaq.
Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana və zeytunçuluq təsərrüfatlarının, badam bağının salınması, startap layihələrinin maliyyələşdirilməsi üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının müəyyən etdiyi sosial-iqtisadi inkişaf kursuna uyğun olaraq, özəl sektorun davamlı inkişafına nail olunduğunu, sahibkarlıq fəaliyyətinin, xüsusilə innovativ sahibkarlığın inkişafının daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini, əlverişli işgüzar mühitin yaradıldığını vurğulayıb. Özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri barədə məlumat verən S.Məmmədov Sahibkarlığın İnkişafı Fondunun Bakıətrafı kənd və qəsəbələrdə, eləcə də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Bildirilib ki, ölkə üzrə bu ilin ötən dövründə sahibkarların 801 investisiya layihəsinin maliyyələşdirilməsinə 105 milyon manat güzəştli kredit verilib. Cari ilin ötən dövrü ərzində verilmiş kreditlərin əsas hissəsi - 97 faizi kiçik və orta həcmli kreditlər olmaqla kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsinə ayrılıb.
Forum çərçivəsində Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilmiş güzəştli kreditlərdən istifadə etməklə yaradılmış mebel istehsalı müəssisəsinə baxış keçirilib.