Bakı Slavyan Universiteti Rumıniya və Çexiyanın ali məktəbləri ilə sıx əlaqələr saxlayır
Bakı, 2 may, AZƏRTAC
Mayın 2-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Çexiyanın Karl Universitetinin professoru İvana Bozdeçova və Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassi Universitetinin təhsil marketinqi tədbirləri və akademik imic şöbəsinin əməkdaşı Aleksandru Qriqoras ilə görüşüb.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, N.Əliyeva bu günlərdə ölkəmizdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin silsilə tədbirlərlə qeyd edildiyini söyləyib.
Rektor BSU-nun beynəlxalq əlaqələrindən söz açıb, universitetin xarici ölkələrin ali məktəbləri ilə müxtəlif sahələrdə müqavilələr imzaladığını bildirib. N.Əliyeva BSU-nun Rumıniya və Çexiyanın bir sıra ali məktəbləri ilə sıx dostluq münasibətlərinin olduğunu deyib.
A.Qriqoras BSU-nun beynəlxalq əlaqələrini yüksək dəyərləndirib, universitetdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin iş prinsipləri ilə tanış olduğunu söyləyib. Qonaq BSU-da Rumıniya mədəniyyət mərkəzinin açılmasını arzulayıb.
Ölkələrimiz arasında dostluq münasibətlərindən söz açan İ.Bozdeçova mayın 6-dək BSU-da çex dilini tədris edəcəyini bildirib, ölkəsində gənclərin Azərbaycan mədəniyyətinə, dilinə, klassik ədəbiyyatına böyük maraq göstərdiklərini söyləyib.