Bakı Slavyan Universitetində rus dili müəllimləri üçün seminar keçirilib
Bakı, 27 noyabr, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) paytaxtın ümumtəhsil məktəblərinin və BSU-nun rus dili müəllimləri üçün ikigünlük ixtisasartırma seminarı keçirilib. Seminar BSU, Azərbaycanın Rus İcması və Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyinin və Moskva Şəhər Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin dəstəyi ilə baş tutub. Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) aparıcı mütəxəssisləri seminarda məruzə etmək üçün Bakıya gəliblər.
BSU-nun rektoru, professor Asif Hacıyev Azərbaycanda rus dilinin işlədilməsi və tədrisindən danışıb. O qeyd edib ki, rus dilini Bakının hər yerində eşitmək mümkündür, bu dildə çoxlu sayda qəzet və jurnallar buraxılır, tədrisin rus dilində aparıldığı məktəblər və universitetlər fəaliyyət göstərir.
Bakı Slavyan Universiteti Azərbaycanda rus dilinin qorunmasına qayğı ilə yanaşan və onu inkişaf etdirən əsas dövlət ali məktəbidir. Rektor, həmçinin vurğulayıb ki, respublikanın təhsil sistemində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları xüsusi yer tutur.
Azərbaycanın Rus İcması sədrinin birinci müavini Boris Voronin bu cür tədbirlərin keçirilməsinə yaratdığı şəraitə görə BSU-ya təşəkkür edib. O vurğulayıb ki, “Rossotrudniçestvo” və Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən rus dilinin bu ölkədə inkişafı üçün böyük işlər görülür.
Filologiya elmləri doktoru, MDLU-nun rus dili və ədəbiyyatı kafedrasının professoru Olqa Yevtuşenko müəllimlərə seminarın proqramı haqqında danışıb və sonda onlara ixtisasartırma haqqında sertifikatların veriləcəyini bildirib.
İkigünlük seminarda “Rus dilinin öyrənilməsi prosesində milli-mədəni dəyərlərin mənimsənilməsi”, “Rus dilinin orfoqrafiya və punktuasiyasının aktual problemləri”, “Məktəbdə rus dilinin tədrisində müasir metodlardan istifadə olunması”, “Müasir leksik normalar”, “Müasir rus orfoqrafiyasında çətinlik yaradan hallar”, “Testlərin, o cümlədən vahid dövlət imtahanına hazırlığın keçirilməsi metodları” mövzularında məruzələr dinlənilib.