REGİONLAR
BAKIDA 13-CÜ BEYNƏLXALQ QİDA SƏNAYESİ VƏ 1-Cİ BEYNƏLXALQ KƏND TƏSƏRRÜFATI SƏRGİLƏRİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 23-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin birgə təşkilatçılığı ilə “İnterfood-2007” 13-cü Azərbaycan Beynəlxalq qida sənayesi və “Agrihort” 1-ci Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri açılmışdır.
Bu münasibətlə keçirilən mərasimdə Azərbaycan kənd təsərrüfatı naziri İsmət Abasov, Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov, qida sənayesi sərgisinin baş sponsoru olan “Azərsun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozal və İteca Caspian şirkətinin direktoru Fərid Məmmədov sərgilərin əhəmiyyətindən danışmış, respublikamızda aparılan iqtisadi islahatlar nəticəsində indi ölkəmizin hərtərəfli inkişaf etdiyini diqqətə çatdırmışlar.
Bildirilmişdir ki, Azərbaycanın ən yeni tarixinin banisi, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar respublikamızı dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına çıxarmışdır. Hazırda bu inkişafın davamlılığını qorumaq və neft sektoru ilə yanaşı, qeyri-neft bölməsi sahələrinin sürətli inkişafını təmin etmək məqsədi ilə sistemli tədbirlər həyata keçirilir. Aqrar bölmədə aparılan islahatlar bu siyasətin əsas istiqamətlərindən biridir. Ölkəmiz aqrar sektor və qida sənayesinin inkişafı sahəsində böyük potensiala malikdir. Bakıda təşkil olunan bu beynəlxalq sərgilər göstərilən sahələrdə fəaliyyət göstərən iş adamlarının işgüzar əlaqələrinin inkişafı, nailiyyətlərin təbliği, eləcə də müasir texnologiyalarla tanışlıq baxımından çox əhəmiyyətlidir.
Natiqlər ilk dəfə keçirilən beynəlxalq kənd təsərrüfatı sərgisində Azərbaycanla yanaşı, Almaniya, Türkiyə, İran, Ukrayna, Rusiya və digər ölkələrdən 20 şirkətin iştirak etdiyini, qida sənayesi sərgisində isə 90-dan çox şirkətin təmsil olunduğunu, keçən illə müqayisədə ekspozisiya sahəsinin 25 faiz artdığını, eləcə də tədbirdə ilk dəfə Malayziya və Sinqapurun da iştirakını vurğulamışlar.
Açılışı bildirən rəmzi qırmızı lent kəsiləndən sonra iştirakçılar sərgilərlə tanış olmuşlar.
Sərgilər mayın 25-dək davam edəcəkdir.