BAKIDA 7-Cİ BEYNƏLXALQ NƏQLİYYAT, TRANZİT VƏ LOGİSTİKA SƏRGİSİ AÇILACAQDIR
AZƏRTAC xəbər verir ki, mayın 21-dən 23-dək Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin birgə təşkilatçılığı ilə VII Beynəlxalq nəqliyyat, tranzit və logistika - “TransCaspian-2008” sərgisi keçiriləcəkdir.
Bu münasibətlə mayın 20-də Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı olmuşdur.
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin şöbə müdirləri Namiq Həsənov, Elnur Ömərov, İteca Caspian LLC şirkəti direktorunun müavini Bəhruz Hidayətzadə və sərginin meneceri Tofiq Kərimov nəqliyyat, tranzit və logistika sərgisində dünyanın 9 ölkəsindən 50-dən çox şirkətin təmsil olunacağını söyləmişlər. Bildirilmişdir ki, iştirakçıların 40 faizi sərgidə ilk dəfə olaraq öz məhsullarını və xidmətlərinı nümayiş etdirəcəklər. Sərgi sahəsinin 60 faizinin yerli şirkətlər üçün ayrıldığı müsbət hal kimi qeyd edilmişdir. Vurğulanmışdır ki, Azərbaycan üçün avtomobil yolları şəbəkəsinin inkişaf etdirilməsinin aktuallığı nəzərə alınaraq bu il ilk dəfə yol-inşaat texnikası sahəsi də sərgidə təmsil olunacaqdır.
Sərginin beynəlxalq tranzit dəhlizlərinin yaradılmasında mühüm rol oynayan və regionda nəqliyyat infrastrukturunun inkişafını təşviq edən vacib nəqliyyat forumu olduğunu deyən natiqlər, iştirakçıların ən yeni yükdaşıma, yükləmə-boşaltma texnologiyaları və təkmilləşdirilmiş nəqliyyat xidmətləri ilə tanış olacaqlarını, iri yerli və xarici nəqliyyat-logistika şirkətləri ilə kommersiya əlaqələri yaratmaq imkanı qazanacaqlarını vurğulamışlar.
Sərgi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Ticarət və Sənaye Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən rəsmi dəstək almışdır.
Tədbirdə Azərbaycanla yanaşı Türkiyə, Rumıniya, Almaniya, Kanada, Koreya Respublikası, Ukrayna, Rusiya, Gürcüstan, Estoniya və digər ölkələrin təmsilçiləri də iştirak edəcəklər.
Mətbuat konfransında KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır.